Brüsseldə Türkiyə Qastronomiya Günləri

Brüssel Yunus Əmrə İnstitutunun (YEE) təşkil etdiyi tədbirə belçikalı siyasətçilər və diplomatlar böyük maraq göstərib

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Qastronomiya Günləri keçirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Brüssel Yunus Əmrə İnstitutunun (YEE) təşkil etdiyi tədbirə belçikalı siyasətçilər və diplomatlar böyük maraq göstərib.

Müxtəlif partiyalardan olan Belçika siyasətçiləri türk aşpazlarla birgə Kayseri mantısı (düşbərə) büküblər.

YEE-nin Belçika koordinatoru Bəkir Aydın bildirib ki, onların məqsədi Türkiyə qastronomiyası vasitəsilə xoş abu-hava yaratmaq, müxtəlif partiyalardan olan Belçika siyasətçilərini bir araya gətirmək və Türkiyə yemək mədəniyyətini təbliğ etməkdir.

Tədbirdə iştirak edən Brüssel paytaxt regional naziri Rudi Vervort Türkiyə mədəniyyətinə Belçikada böyük maraq olduğunu söyləyib.

Belçika Federal Parlamentinin üzvü və Sosialist Partiyasının Qrup rəhbəri Əhməd Laauey (Laaouej) də Türkiyə mətbəxini bəyəndiyini deyib.

Brüssel bölgə müdiri müavini Fransuaza Şepmans Türkiyə yeməklərinin bişirilməsi təcrübəsinin onun üçün yeni olduğunu söyləyərək tədbirdə iştirakından məmnunluğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə