Gəncə Dövlət Filarmoniyası Bakıda konsert proqramı ilə çıxış edib

Bakı Musiqi Akademiyası nəzdindəki Opera Studiyasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası SSRİ Xalq artisti, Rəşid Behbudovun 108 illiyinə həsr olunmuş konsert verib. SİA xəbər verir ki, tədbirdə çıxış edən Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov Filarmoniyanın musiqi heyətinə, solistlərinə təşəkkürünü bildirib, Gəncənin mədəniyyət torpağı olduğunu vurğulayıb. Deyib ki, bir çox əbədiyaşarlar yetişdirən bu torpaq mədəniyyət və musiqisi ilə Azərbaycan mədəniyyətində önəmli yer tutub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu cür müştərək konsertlər müxtəlif tarixlərdə müxtəlif salonlarda keçiriləcək.

Konsertdə Xalq artisti Sərxan Sərxan, Abbas Əhməd, Samir Piriyev, Estrada ansamblının müşayiəti ilə Filarmoniyanın solistləri - Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Vasif Bayramov, Rüstəm Cəfərov və Əli Məmmədov sənətkarın yaddaqalan mahnılarını səsləndiriblər.

Tədbirdə Rəşid Behbudovun “Gəncə”, “Zibeydə”, “Lalələr”, “Gözəlim sənsən”, “Sevgilim”, “Əziz dost”, “Bahar sənsiz”, “Azərbaycanım”, “Ey Vətən” mahnıları ifa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə