Gənclər sosial şəbəkələrdə regionlarda keçirilən mədəniyyət tədbirlərinin azlığından şikayət edirlər. Regionlarda keçirilən mədəniyyət tədbirləri sizcə yetərlidirmi? Gənclərin narazılığına əsas varmı? SİA mövzu ilə bağlı Milli Məclisin mədəniyyət komitəsinin üzvü Aqil Abbas və əməkdar incəsənət xadimi, yazıçı Elçin Hüseynbəylinin fikrini alıb.
A.Abbas bildirib ki, gənclər haqlıdır: "Çox az rayonlarda gənclər evi fəaliyyət göstərir: Həmin rayonlarda mədəniyyət tədbirlərinin sayı biraz yüksəkdir. Amma digər rayonlarda olduqca aşağıdır. Burada söhbət çalıb-oxumaqdan getmir, bəstəkar, rəssam, mədəniyyət xadimləri ilə görüşlərdən gedir. Belə tədbirlərin sayını artırmaq lazımdır. Regionların özünün mədəniyyət səviyyəsi aşağı deyil, amma Bakı ilə əməkdaşlıq istənilən səviyyədə deyil. Çox yaxşı olar ki, regionlarda kitab sərgilərinin sayı artırılsın. Əvvəl bu sərgilər ancaq Bakıda idi, indi regionlarda da keçirilir. Bunu yüksək qiymətləndirirəm. Amma bəzi rayonlarda hələ də Allahın kitab mağazası, qəzet köşkü yoxdur".
Elçin Hüseynbəyli mədəniyyət tədbirlərinin sayının az olduğunu düşünmür: "Ötən il Qubada ədəbiyyat festivalı, Şuşada “Vaqif poeziya günləri” keçirildi. Mədəniyyət Nazirliyi tərəfindən də Şamaxıda və Bakıda “Azərbaycan dili və ədəbiyyatı” tədbiri keçirildi. Sabirabad rayonunda da “Hophopnamə” kitab mərkəzinin açılışı oldu, hazırda da fəaliyyət göstərir. Bundan əlavə bir neçə kitab sərgiləri baş tutdu. Eyni zamanda tamaşalar, premyeralar da keçirilir, bunlar da nəzərə alınmalıdır. Hansı tədbirlərin keçirilməsini istəyirlərsə, müəyyən qurumlara müraciət edib, təşəbbüs göstərib keçirmək olar”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB