“Hər bir yaradıcı insanın əsərləri onun yaddaşıdır" - XALQ ARTİSTİ BİLDİRDİ

“Qara Qarayev Azərbaycanın böyük bəstəkarlarından biridir. Onun simfoniyaları, “ 7 gözəl” və “İldırımlı Yollarla” baletləri kimi əsərləri bu gün də sevilir”. Bu barədə SİA-ya açıqlamasında Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət Ordeni" laureatı, Prezident təqaüdçüsü Faiq Şücəddinov deyib.

Onun sözlərinə görə, Qara Qarayev instrumental musiqi, romanslar da yazıb: “Bununla yanaşı Qara Qarayev uzun illər konservatoriyada dərs deyib. Eyni zamanda Qara Qarayev konservatoriyanın bəstəkarlıq kafedrasının müdiri kimi fəaliyyət göstərib. Qara Qarayev sonra ayrıldı və bir müddət Moskvada yaşadı. Amma kafedranı və tələbələrini unutmadı. Gəlirdi, dərslərini deyirdi və geri gedirdi. Yəni demək olar ki, Azərbaycanı tərk etməmişdi, tez-tez buraya gəlib-gedirdi”.

Bəstəkar bildirib ki, bəstəkarın xatırlanması onun əsərlərnin ifa edilməsi ilə bilinir: “Hər bir yaradıcı insanın əsərləri onun yaddaşıdır. Qara Qarayevin əsərləri bu gün də sevilərək ifa edilir, dinlənir. Qara Qarayevin Azərbaycan musiqisi üçün böyük işləri olub. Hər bir Azərbaycanlı onu yad edəcək”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə