Tarixi abidələrin qorunması istiqamətində hansı işlər görülür? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Tarixi abidələrin qorunması istiqamətində kifayət qədər işlər görülür, addımlar atılır. Amma birinci növbədə Bakı şəhərinin işlək paytaxta çevrilməsi üzərində düşünülməlidir. Yəni, bu yoxdursa, istənilən qədər tarixi abidə də olsa, şəhərin funksionallığı olmayacaq. Bütövlükdə Bakı şəhərində birinci növbədə tıxac problemini həll etmək lazımdır, şəhər artıq hərəkət ediləcək vəziyyətdə deyil. Alternativ nəqliyyat problemi günü-gündən daha çox aktuallaşmağa başlayır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat bildirib ki, metro tikintisinin effektli şəkildə davam etdirilməməsi də prosesə ciddi zərər vurdu: "Bütövlükdə hərtərəfli olaraq Bakı şəhərində tarixi abidələr məsələsindən daha çox şəhərin işlək vəziyyətə gətirilməsi probleminin həll yolu tapılmalıdır. Çünki bütün infrastrukturun biri-birinə mane olacaq şəkildə mövcudluğu söz-söhbət mövzusudur, bu da olduqca təhlükəlidir.
Şəhərin mərkəzində sıra dağlar kimi düzülən körpülər müasir dövrün standartlarına cavab vermir. Burada daha çox bir neçə mərtəbəli asma körpülərin salınması vacib idi ki, hərəkət dayanmasın. Çox təəssüf ki, bu məsələ ətrafında hələki ümidverici dəyişiklik yoxdur. Tarixi abidələrin müasir tikililərlə əlaqələrinin qurulması isə dünyada mövcud olan haldır. Bu prosesin hansı formada keçirilməsinin isə ictimai dinləmə, müzakirə formasında ilkin təqdimatının keçirilməsi vacibdir.
İşğaldan azad edilmiş ərazilərdə hər hansı bir şəkildə abidələri qorumaq mümkün olmayıb. Əgər strukturların köhnə versiyası varsa, ona uyğun şəkildə bərpası mümkündür. Amma daha vacib abidələr üzərində düşünülməlidir. Çünki burada həm də abidənin turizm baxımından cəlbediciliyə sahib olması nəzərə alınmalıdır. Həmin ərazilərdə bir çox şey yenidən qurulur. Lakin yenidənqurma işləri zamanı strukturlarda modernliklə yanaşı, tarixi cizgilərin bərpa edilməsinə də diqqət edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB