Multterror: Uşaqlarımızın psixologiyasını kim və necə pozur?

İndiki uşaqlar daha çox yeni tipli cizgi filmlərinə baxır ki, bu tip filmlərin də onların psixologiyasında dərin və zərərli iz buraxdığı məlumdur. Uşaqlar belə filmlərə özləri üstünlük vermir, valideynlər onlara bu şəraiti yaradır və həmin mulfilmləri özləri qoyurlar uşaqların qarşısına. Bu yaxınlarda təsadüfən gördüyüm bir cizgi filmi bir personajın digərini vəhşicəsinə öldürməsi ilə başlayırdı...

Bu gün telekanalları zəbt edən qanlı, döyüşlü-davalı multfilmlər uşaq psixologiyasına olduqca böyük zərər verir. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgilərdəki münasibəti həyatında da görmək istəyəcək. Çünki, uşaqların gördükləri və eşitdikləri hər şey alt şüura həkk olunur və bunların əsasında psixologiyaları müəyyənləşir. Elə böyüklərin də...

Köhnə filmlər tərbiyəvi əhəmiyyətlidir, uşaqlara dostluq, insanlıq, düzgünlük, vicdanlılıq təbliğ edir. Keçən əsrdə çəkilmiş filmlər çox müsbət enerjili, sülhsevər və düşündürücü süjet xəttinə malikdir. Belə multfimləri izləyən uşaqlarda insanlara, heyvanlara, təbiətə qarşı humanist münasibət yaranır.

Müasir multfilmlərin az qala hamısı yalnız zərərli şeyləri təbliğ edir və onları psixotron terror silahı adlandırmaq olar. ABŞ-ın “Seattle” Uşaq Xəstəxanası Araşdırma İnstitutunun 330 uşaq üzərində reallaşdırdığı araşdırmanın nəticələrinə görə, məktəbəqədər dövrdə şiddət mövzulu müasir cizgi filmlərinə baxan uşaqlar yaşıdlarına görə 3 qat daha aqressiv olur.

Rusiyada aparılmış bir tədqiqata görə isə, müasir multfilmlərə baxan uşaqlarda hiylə, pis davranış, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkməmək kimi davranışların sıx müşahidə edildiyi ortaya çıxdı.

21-ci əsrdə çəkilmiş multfilmlərin, xüsusən də Amerika və bəzi Qərb ölkələrinin istehsalı olan filmlərin çoxu subliminal mesajlarla, 25-ci kadrla doludur. Bu isə görünməyən terrorun uşaq beyninə həkk edilməsi deməkdir. Valideynlər diqqətli olmasa şiddət və qorxu məzmunlu filmlər izləyən uşaqlar gələcəyin potensial şiddət və zorakılıq tətbiq edənləri ola bilər.

Bizim telekanallarda da həmişə müasir cizgi filmlərini verirlər. Sanki hansısa qüvvə onlara özümüzün istehsalı olan milli multfilmləri və ya keçən əsrdə müxtəlif ölkələrdə çəkilmiş normal filmləri efirə verməyə qadağa qoyub. Maraqlı burasıdır ki, belə bir qadağa yoxdur, bu kanalların niyə belə etdiyinin səbəblərini tapmaq olmur.

Təkcə ötən əsrin 80-ci illərində kinostudiyada 38 adda cizgi filmi istehsal olunub. “Cücələrim”, “Meşəyə insan gəlir”, “Sehrli ağac”, “Taya”, “Dəcəl dovşan”, “Sandıq”, “Sən belə cumbulusan”, “Sehrli ləçək ”, “Uçan zürafə”, “Qəribə əjdaha”, “Təqib”, “Yatmaq vaxtıdır”, “Balaca çoban”, “Humayın yuxusu”, “Sakit Yonun macəraları”, “Ana ağaca qonub”, “Xeyir və Şər”, “Cırtdan-Pəhləvan”, “Uşaq və külək”, “Akvarium”, “Cırtdan və div”, “Yeni il əhvalatı”, “Sehrli naxışlar” və s

İndi azərbaycanlı bir uşağa sual versən, öz multfilmlərimizdən 2-nin adını çəkə bilməz. Amma azı 20 əcnəbi filmin adını çəkə bilər, hətta süjetini sizə əzbər danışar. Bu artıq faciədir.

Bu yöndə telekanalların üzərinə düşən iş o qədər də böyük deyil, sadəcə milli filmlərin fonduna, videotekaya müraciət etmələri kifayətdir. AzTv-nin arxivində də demək olar ki, hamısı var. Üstəlik, “Soyuzmultilm”in istehsalları və keçmiş SSRİ-nin digər respublikalarında çəkilən multfilmlərin dublyaj olunmuş variantları da. Bircə qalır bunları efirə vermək.

Valideynlərin bəhanəsi isə əsassızdır. İndi internet əsridir. İnternet portallarda minlərlə flim var, onların arasından istənilən qədər əvvəlki dövrdə çəkilmiş sadə multfilmləri tapıb uşağa izlətmək olar. Köhnə multfilmlərin koleksiyasını DVD disklərdə də almaq olar. Sadəcə valideyn buna vaxtını sərf eləmir, pultu verir uşağın əlinə oturdur televizorun qabağında ki, kefi nəyə istəyir baxsın.

Bunun axırı isə yaxşı görünmür. Çünki artıq uşaqlarınızı siz yox, əcnəbi rejissorlar, psixoloqlar tərbiyə edir, onların psixologiyasını siz yox, onlar müəyyən edir. Necə deyərlər, uşağınızın “əti” sizindir “sümüyü” (yəni, beyni) onların. Seriala, futbola baxmaqdan, sosial şəbəkədə qeybət eləməkdən vaxtınız qalsa, bir bu barədə də düşünün- əgər əsil valideyn olmaq və sağlam uşaq böyütmək istəyirsinizsə...

Bütün xəbərlər Facebook səhifəmizdə