Mövsümdənkənar meyvələr: gözəlliyin arxasında gizlənən təhlükə

Mövsümü olmayan meyvələrin cazibəsi ilk baxışda göz oxşayır. Qışın ortasında al-əlvan rəngdə düzülmüş alça, çiyələk, giləmeyvə insanı özünə çəkir. Amma bu gözəlliyin arxasında gizlənən həqiqət nə qədər sağlamdır?

Təbiətin öz qanunu var: hər meyvənin öz zamanı, öz mövsümü. Lakin bu gün bazarlarda mövsümündən çox-çox əvvəl satışa çıxarılan meyvələr artıq adi hala çevrilib. Xüsusilə alça, çiyələk və müxtəlif giləmeyvələrin süni şəraitdə, tez yetişdirilməsi üçün istifadə olunan kimyəvi maddələr insan sağlamlığı üçün ciddi risklər yaradır. Biz isə sadəcə rənginə, görünüşünə aldanıb bu məhsulları alırıq.

Bir anlıq düşünək: dadı belə tam formalaşmamış, təbii qoxusunu itirmiş bu meyvələr həqiqətən bizə nə verir? Vitamin, yoxsa gizli təhlükə? Əslində, bu məhsulların tez böyüməsi və bazara erkən çıxması üçün istifadə olunan qatqılar bəzən orqanizmə zərərli təsirlər göstərə bilər. Bu isə xüsusilə uşaqlar və həssas insanlar üçün daha təhlükəlidir.

Digər tərəfdən, plan qarpızının mövsümündən əvvəl bazarda kütləvi şəkildə artması da eyni sualı doğurur: bu qədər tez və çox məhsul necə yetişdirilir? Təbii yollarla, yoxsa sürətləndirici müdaxilələrlə? Bu sualların cavabı isə hər zaman ürəkaçan olmur.

Bu gün seçim bizim əlimizdədir. Göz oxşayan, amma şübhəli məhsulları seçmək, yoxsa təbiətin ritminə uyğun, sağlam və etibarlı qidalanmaq. Unutmayaq ki, sağlamlıq bir dəfə itirilir, amma onun bərpası illər çəkə bilər.

Bəlkə də artıq özümüzə bu sualı verməyin vaxtıdır: biz nə yeyirik və bunun bədəlini gələcəkdə necə ödəyəcəyik?

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə