Qadınlar günü: səmimi təbrik, yoxsa hədiyyə nümayişi?

Hər il 8 Mart yaxınlaşanda şəhərin vitrini dəyişir. Güllər, şarlar, bahalı qutular, parıldayan hədiyyələr… Sanki hamı eyni yarışın içindədir: kim daha böyük buket alacaq, kim daha bahalı hədiyyə verəcək, kim sosial şəbəkədə daha “təsirli” görüntü paylaşacaq. Amma bir sual da var: bu gün doğrudanmı qadınlara sevgi və hörmətin ifadəsidir, yoxsa sadəcə bir-birinə göstərilən hədiyyələrin nümayişi?

Əslində qadınlar günü bir gül buketindən və ya bahalı hədiyyədən daha böyük məna daşıyır. Bu gün qadının əməyinə, zəhmətinə, həyatdakı roluna verilən dəyərin simvolu olmalıdır. Ana kimi, həyat yoldaşı kimi, bacı kimi, iş həyatında çalışan bir insan kimi qadınların gördüyü işlər bəzən görünməz qalır. Amma 8 Mart günü biz çox vaxt bu görünməz zəhməti yox, yalnız paketlənmiş hədiyyələri görürük.

Sosial şəbəkələrdə paylaşılmış şəkillər, masaların üstündə düzülmüş hədiyyələr, “kimə nə alındı” söhbətləri bəzən bu günün ruhunu kölgədə qoyur. Sanki səmimi təbrikdən çox, kiminsə kimdənsə geri qalmamaq ehtiyacı ön plana çıxır. Halbuki qadının gözündə ən böyük hədiyyə bəzən sadəcə bir söz, bir diqqət, bir anlayışdır.

Qadınlar günü hədiyyə yarışına çevrildikcə, onun ən vacib tərəfi , səmimiyyət, arxa plana keçir. Bəlkə də bu gün biz bir-birimizə daha az hədiyyə göstərib, daha çox diqqət göstərməyi öyrənməliyik. Çünki qadın üçün ən qiymətli hədiyyə hər zaman bahalı qutu deyil, hörmət, sevgi və dəyər verildiyini hiss etməkdir.

Qadınlar Gününün mahiyyəti bəzən cəmiyyətin qadına münasibətindəki ziddiyyətləri də üzə çıxarır. İl boyu qadının əməyini, yorğunluğunu və üzləşdiyi çətinlikləri görməzliyə vuran bir mühit, məhz 8 Mart günü birdən-birə təbrik və təriflərlə dolur. Halbuki qadına verilən dəyər təkcə bir günlə ölçülməməlidir. Onun haqqının qorunması, əməyinin qiymətləndirilməsi və həyatın hər sahəsində hörmət görməsi yalnız bayram mesajları ilə deyil, gündəlik münasibətdə də hiss olunmalıdır. Bəlkə də 8 Martın ən böyük sualı məhz budur: qadınlara verilən dəyər bir günün jestidirmi, yoxsa ilin hər günündə yaşanan bir gerçəklik?

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə