Yazıçılar Birliyi ölüdən də pul tələb edir…

58 nəfərlik borclular siyahısı. Siyahıda bir ad var ki, insanın vicdanını sızladır , mərhum şair Amil Avey.

2020-ci ilin 23 noyabrında, doğma torpağından uzaqda , Almaniyada dünyasını dəyişən bir şair… Amma görünür, ölüm də hər şeyi bitirmir. Çünki Azərbaycan Yazıçılar Birliyinin siyahısında Amil Avey hələ də “borclu” kimi göstərilir. Sanki şair bu dünyadan köçərkən sözlərini, misralarını, ruhunu aparıb, amma kimsə onun arxasınca bir kağız, bir siyahı saxlayıb.

Amil Avey… Əsl adı Amil Yusif oğlu Məmmədov. 1953-cü ilin yanvarında Qazaxın Qazaxbəyli kəndində doğulan, sözlə böyüyən, poeziya ilə nəfəs alan bir insan. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub, 1990-cı illərin çətin, qarışıq, üsyankar dövrlərində “Müxalifət” qəzetində yazıları ilə tanınıb. Sözün ağır vaxtında sözün yanında olub.

2009-cu ildə AYB-yə üzv seçilib. Amma görünür, üzvlük ölümə qədər keçərlidir, ölüm isə bəzi siyahılarda hələ də tanınmır.

O, yaradıcılığa məktəb illərindən başlamışdı. Folklorun ruhunu, torpağın səsini, xalqın ağrısını şeirə çevirirdi. “Gor andı”, “Üzü Allaha tərəf” – adların özü belə şairin yolunu, istiqamətini deyir. Üzü Allaha tərəf olan bir adamın, bu dünyada borclu qalması nə qədər acıdır…

Amil Avey imzalarını dəyişə bilərdi , “Amil Avey”, “Amil Avoğlu”… Amma şairin taleyi dəyişmədi. O, bu dünyadan getdi. Qalan isə sözləri və indi də bir siyahıdakı adı oldu.

Bəzən sual yaranır: biz ölülərlə nə vaxt vidalaşmağı bacaracağıq? Kağız üzərində yaşayan adlarla yox, xatirələrdə yaşayan insanlarla davranmağı nə vaxt öyrənəcəyik?

Çünki şairlər borc buraxmaz. Onlar sadəcə söz qoyub gedər.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə