Zelenski üçün “FATİHƏ” – Tramp şoumen aktyoru bitirir...

Həm ABŞ-ın yeni prezidenti Donald Trampın son açıqlama və hərəkətlərindən, həm də dünya mediasında Ukrayna müharibəsində silah ticarətindən qazanılan milyard dollarlar barədəki informasiyalardan belə anlaşılır ki, keçmiş aktyor-şoumen olan Volodimir Zelenski Ukraynadakı “missiyasını” başa vurmağa hazırlaşır. Daha doğrusu, dünya güclərinin onun üçün ölçüb-biçdikləri MİSSİYA ilə vidalaşmaq üzrədir...

Siyasətlə az-çox maraqlanan hər kəs, hətta ucqar dağda yaşayan çoban da bilir ki, artıq Səudiyyə Ərəbistanında başlanan və ciddi nəticələri indidən özünü göstərən ABŞ-Rusiya danışıqları, həmin danışıqlarda Ukraynanın iştirakı olmadan Ukraynanın bölüşdürülməsi barədə danışıqlar, həm də hazırkı şoumen prezidentin sonluğunu da sürətlə yaxınlaşdırır. Keçmiş ABŞ prezidenti, Ukrayna müharibəsinin qanlı “xaç atası” sayılan Co Baydenin minlərlə ukraynalının ölümü, on minlərlə insanın Avropa çöllərində qaçqınlıq yaşamasına bais olan bu murdar planı deyəsən sona yaxınlaşır. Müharibədən daha çox danışılmış ssenariyə bənzəyən bu qanlı tamaşa, yuxarıda da dediyim kimi silah ticarəti, “yuyulan” milyardlar, pərdənin o üzündə qalan qaranlıq maraqlara xidmət edirdi. Buyurun, D.Tramp dünən Floridadakı iqamətgahında jurnalistlərə görün nə deyib. SİTAT: “Rusiya ilə münaqişə kontekstində Ukraynanın mövqeyindən məyus oldum. Onların üç ili var idi. Ukraynaya verdiyimiz bütün pullar hara getdi? Zelenskinin özü ABŞ-ın ayırdığı vəsaitin yarısının harada olduğunu bilmir. Ukrayna danışıqlar masası arxasında oturmaq istəyirsə, seçkiyə ehtiyacı var. Zelenskinin ukraynalılar arasında reytinqi 4 faizdir. Rusiya çox sürətlə Ukrayna şəhərlərini, o cümlədən Kiyevi 100% məhv etməyə qadirdir, lakin bunu etmək istəmir. Zelenski administrasiyası müharibənin davam etməsinə icazə verdi”. Vəssalam! Məncə hər şey aydındır. ABŞ rəhbəri açıq-aşkar bəyan edir ki, hazırkı Ukrayna hakimiyyəti nə aparılan danışıqlara nə də baş verən proseslərə yaxın buraxılmayacaq. Ağ Ev sahibinin V.Zelenskiyə qarşı olduqca aqressiv olduğu açıqca sezilir. Belə aydın olur ki, hazırkı ABŞ rəhbərliyi Ukrayna adı ilə ayrılan milyard dollarların hesabını həm də V.Zelenskidən soruşacaq.
Məlumdur ki, C.Bayden administrasiyasının son 2-3 il ərzində Ukraynaya yardım adı ilə ayırdığı milyard dollarların taleyi hazırkı ABŞ rəhbərliyi üçün ən aktual məsələdir. Üstəlik, C.Baydenin təzyiqi ilə NATO ölkələrinin Ukraynaya ayırdıqları milyon dollarlardan da xəbər-ətər yoxdur. Son iki ildə Qərb dövlətlərindən Ukraynaya yardım adı ilə milyardlarla dollar həcmində yardım paketləri açıqlanıb. Hətta uzaq Lixteyştenə qədər. Bunlar elə ölkələrdir ki, bu müharibədə Ukraynaya maliyyə yardımı ayırdıqlarını elan ediblər ki, Rusiya ilə tarix boyu “salam-əleyküm”ləri belə olmayıb. Yəni Rusiyadan onlara hansısa “isti-soyuq” dəyəsi deyil. Və indi aydın olur ki, o yardımlardan əsər-əlamət belə yoxdur. Ukrayna vəd edilən o yardımların ancaq cüzi hissəsini ala bilib. Zelenski bunu rəsmən elan edirsə, deməli, həm də bu yoxa çıxan milyard dollarların hesabından özünü sığortalamaq istəyir. Ona görə ayrılan, amma ona gəlib çatmayan pula görə niyə cavabdeh olsun ki? Amma Ağ Evdəki kabinetinə köçən D.Trampın yəqin ki, C.Bayden dövründəki qaranlıq qalan sirlərdən məlumatı var və bu məsələdə V.Zelenskinin nə rol oynadığını yaxşı bilir. Elə bildiyi üçün də həm ABŞ-ın pullarını ondan soruşur, həm də elan edir ki, sənin missiyan bitib və Ukraynada seçki keçirib Rusiya ilə razılaşdırılacaq plan üzrə müharibə şousuna son qoymaq lazımdır. Əlbəttə, D.Trampın yeni planında Zelenskiyə qəti yer yoxdur. Heç o planın həndəvərində belə dolana bilməz..
Belə görünür ki, C.Baydenin “Avropanın təhlükəsizliyi naminə” Qərblə Rusiyanın sərhədlərini Polşadan deyil, elə Ukraynadan keçirməklə bağlı başlatdığı qanlı tamaşa həm sona yetir, həm də huşunu itimiş sabiq prezidentin oğlunun bu müharibədən qazandığı milyardlar üçün də məhkəmə qurulacaq. Məsələ milyonluq deyil, milyardlıq, hətta trilyarda qədər gedib çıxan haqq-hesabdır. Nə isə, bircə o məlum oldu ki, Rusiyanı heç sayanların, V.Putinin sonunu düşünənlərin əksinə olaraq bu oyunun tək qalibi keçmiş KQB generalının özüdür. Bir vaxtlar Kreml sarayında V.Putinin qarşısında şoumenlik edən V.Zelenskinin missiyası burada bitir. V.Putin Ukrayna tamaşasını bitirir, yeni tamaşalaradək...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə