YAP Səbail rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirildi

İyulun 4-də YAP Səbail rayon təşkilatının tədbirlər planına uyğun olaraq, İdarə Heyətinin növbəti iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev iclası açaraq, son bir ay ərzində respublikamızın, Səbail rayonunun, Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon partiya təşkilatının ictimai-siyasi həyatında baş verən hadisələrdən ətraflı danışıb.

Təşkilat sədri diqqətə çatdırıb ki, ötən ay biz Azərbaycanın ən yeni tarixində çox əlamətdar gün olan 15 iyun – Milli Qurtuluş Gününü yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd etdik: "1993-cü ilin 15 iyun tarixi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında əsaslı dönüş yaratmaqla bugünki firavan həyatımızın, Azərbaycanın dinamik inkişafının bünövrəsini yaratdı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan istər siyasi, sosial-iqtisadi sahədə, istərsə də ordu qurulucuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması sahələrində qısa müddət ərzində böyük inkişaf yolu qət etdi. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan bu gün də sürətlə inkişaf edir və gələcəyə nikbin baxır. Bu gün şahidi olduğumuz bütün nailiyyətlər ölkədə aparılan çox düşünülmüş siyasətlə bağlıdır. Prezidentin Yeni Azərbaycan Partiyasının (YAP) Sədri olması isə bizim üçün o deməkdir ki, ölkə rəhbərinin apardığı işlər elə bizim partiyamızın fəaliyyətində də təcəssüm edir".

Sədr xüsusi vurğulayıb ki, ölkəmizin və Səbail rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən və bu gün sıralarında 25 mindən çox partiya üzvünün cəmləşdiyi YAP Səbail rayon təşkilatının bu ilin birinci yarısındakı fəaliyyətinə nəzər salsaq, əminliklə deyə bilərik ki, rayon təşkilatımız daim Prezidentimizin yanındadır və istər partiya üzvlərimiz, istərsə də gənclərimiz ölkəmizdə gedən bütün proseslərdə xüsusi fəallıqları ilə seçilirlər.

Ötən iclasdan keçən müddət ərzində YAP Səbail rayon təşkilatının gördüyü işlər haqqında ətraflı məlumat verən Ş.Hacıyev bildirib ki, iyun ayı ərzində Milli Qurtuluş Günü ilə bağlı çoxsaylı tədbirlər keçirilib, rayon təşkilatı nəzdində yeni ərazi ilk partiya təşkilatları təsis olunub, mübarək Ramazan bayramı münasibətilə rayonun aztəminatlı sakinləri üçün bir neçə xeyriyyə aksiyası keçirilib və ciddi ehtiyacı olan və hərəkət etməkdə çətinlik çəkən yeddi nəfər aztəminatlı rayon sakininə əlil arabaları hədiyyə olunub, məktəblilərin respublikamızın ali qanunvericilik orqanının fəaliyyəti ilə tanış olması üçün Milli Məclisə bir neçə ekskursiya təşkil olunub.

Sədr ilin əvvəlindən etibarən 900-ə yaxın yeni üzvün partiya sıralarına daxil olduğunu və İdarə Heyətinin üzvlərinin bu müddət ərzində mətbuatda aktual məsələlər barədə çoxsaylı çıxışlarının, məqalə və müsahibələrinin dərc edilməsini xüsusi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə