"İştirak etməyən partiya nə edirsə, özünə edir" - PARTİYA SƏDRİ DANIŞDI

“Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən təşkil olunan, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da keçirilən dialoqu siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişafı yolunda çox böyük bir hadisədir. İlk dəfə idi ki, siyasi partiyaların və tərəflərin 90-a yaxın nümayəndəsi bir yerə toplaşmışdı. “Siyasi partiyalar haqqında” qanunun tətbiqi ilə bağlı məsələlər ətrafında ciddi müzakirələr apardıq”. Bu sözləri SİA ilə öz təəssüratlarını bölüşən Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, görüşdə hər kəsə danışmaq üçün imkan yaradılırdı: “Dialoqda ən əsası Azərbaycanda siyasi partiyaların dövlət idarəçiliyində iştirakı böyük önəm daşıyırdı. Görüşün leytmotivini o təşkil edirdi ki, bütün siyasi partiyalar ali məqsəd, dövlət quruculuğu və strateji məsələlərdə eyni fikrin daşıyıcılarıdırlar”.

Onun sözlərinə görə, bu görüşdə yalnız AXCP iştirak etmirdi: “Hesab edirəm ki, burada iştirak etməyən partiya nə edirsə, özünə edir. Məsələn, AXCP deyirdi ki, erməniləri çıxarıb rusları gətiriblər və ya Xankəndi alınmalıdır. Halbuki bu məsələlər öz həllini tapdıqda onlar heç üzrxahlıq etmədilər.

Strateji məqsədlərimiz bəllidir. Hər bir ölkədə çatışmayan cəhətlər və ya qanunsuzluqlar var. Bunlara qarşı birgə mübarizə aparmaq lazımdı. Bugünkü görüş dövlət orqanları ilə siyasi partiyalar arasında qarşılıqlı hörmətə əsaslanırdı. Mehribanlıq insanı rahatladır, nəinki qarşıdurmalar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə