Əlaqələndirmə Qərargahının İşçi Qrupunun üzvləri Qarabağ Universitetində görüş keçiriblər
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Kommunikasiya üzrə İşçi Qrupunun nümayəndələri Qarabağ Universitetində tələbələr və işğaldan azad edilmiş ərazilərdə yaşayan influenserlərlə görüşüblər. SİA xəbər verir ki, görüş zamanı iştirakçılara İşçi Qrupunun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazilər işğaldan azad edildikdən sonra İşçi Qrupunun əsas fəaliyyət istiqamətlərindən biri həmin ərazilərdə görülən genişmiqyaslı işlər barədə yerli və xarici ictimaiyyətin davamlı məlumatlandırılması və maarifləndirilməsi olub.
Qeyd edilib ki, bu istiqamətdə bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, regionda iqtisadi canlanma, əhalinin məşğulluğu və dayanıqlı məskunlaşması, təhsil imkanları, eləcə də ərazilərdə formalaşan gündəlik həyat barədə geniş kommunikasiya fəaliyyəti həyata keçirilir.
Görüşdə tələbə və influenserlərin işğaldan azad edilmiş ərazilərlə bağlı sosial media platformalarındakı fəaliyyəti təqdir olunub. Vurğulanıb ki, həmin ərazilərdə həyatın bərpasını, insanların uğur hekayələrini, gündəlik həyatını, yaradılan yeni imkanları və dövlətin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərini əks etdirən yaradıcı məzmunlar ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır.
Tələbə və influenserlərin şəxsi müşahidə və təəssüratlarına əsaslanan paylaşımları görülən işlərin ictimaiyyətə daha təbii və səmimi şəkildə çatdırılmasına töhfə verir. Belə məzmunlar uzun illər doğma torpaqlarına həsrət qalmış insanlarda müsbət emosiyalar yaradır və ərazilərdə formalaşan yeni həyatın daha geniş auditoriyaya çatdırılmasına imkan verir.
Bu baxımdan, həmin istiqamətdə fəaliyyətin genişləndirilməsinin və yeni, yaradıcı məzmunların hazırlanmasının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı tələbə və influenserlər bir sıra yeni təşəbbüs və təkliflər səsləndiriblər. Onların həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB