"Rusiya-Ukrayna müharibəsinin yaxın zamanda başa çatması gözlənilmir" - POLİTOLOQ
"Donald Tramp hakimiyyətə gəldiyi gündən Rusiya-Ukrayna müharibəsini dayandırmaq istəyirdi, lakin buna nail ola bilmədi. Son zamanlar hücumlar intensivləşir, eskalasiya artır və bu da onu göstərir ki, müharibə hələ bitməyəcək". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, nəinki Tramp, Hindistan və Avropa ölkələri də enerji infrastrukturuna hücumların dayandırılmasını, Qara dənizdən yüklərin daşınmasına icazə verilməsini bildirdilər: "Lakin Rusiya hələlik bunların heç birinə razı olmur. Buna görə də Ukrayna bildirir ki, əgər biz hücumları dayandırırıqsa, qarşılıqlı olaraq Rusiya da dayandırmalıdır. Təəssüf ki, Rusiya bunu etmir. Rusiya son zamanlar Ukraynaya hücumları daha da artırıb, Xarkov ətrafında bir neçə kəndi ələ keçirib.
Lavrov da bu yaxınlarda, eyni zamanda Putin də dəfələrlə bildirib ki, Rusiya öz məqsədlərinə çatana qədər bu tədbirləri davam etdirəcək. Onların məqsədi, əsasən, Ukraynada hakimiyyəti dəyişmək və özlərinə uyğun bir hakimiyyət qurmaqdır. Buna isə nail ola bilmirlər.
Lakin son zamanlar Rusiyanın əsas məqsədi Donbasın tamamilə boşaldılması və Donbasın bütövlükdə Rusiyaya verilməsi məsələsidir. Keçən il Putin və Tramp Ankoricdəki görüşdə bu məsələdə razılığa gəldilər, ancaq Ukrayna buna razı olmadı. Ona görə də bu danışıqlar baş tutmadı.
İndi isə Rusiyanın və Ukraynanın apardığı müharibə beynəlxalq enerji böhranına gətirib çıxarıb. Bu böhran xüsusilə ABŞ-ın özündə hiss olunur və orada da seçicilər Trampdan narazılıqlarını bildirirlər. Tramp da neft böhranının yaranmasını Ukraynanın Rusiyanın neftayırma zavodlarına vurduğu zərbələrlə əlaqələndirir. Ancaq əslində, Trampın özünün yanlış siyasəti nəticəsində bunlar baş verir. Hörmüz boğazının bağlı qalmasına görə dünyada böhran yaranıb. Xüsusilə dizel yanacağının çatışmazlığı daha çox hiss olunur.
Ona görə də Tramp öz seçicilərinin rəğbətini qazanmaq üçün Rusiyaya tətbiq olunan sanksiyaları müvəqqəti dayandırıb. Artıq Rusiyadan ABŞ-a dizel yanacağının tədarükünə başlanılıb.
Trampın düzgün siyasət aparmadığı bildirilir. Xüsusilə Avropa ölkələrində, eyni zamanda ABŞ-ın özündə hər iki partiya — həm respublikaçılar, həm də demokratlar arasında ciddi narazılıqlar yaranıb. Artıq ABŞ Konqresində Trampın bu addımına görə yeni qanun layihəsi hazırlanır. Bu layihə Rusiyadan yanacaq alınmasına və Rusiyaya tətbiq olunan sanksiyaların ləğvinə qarşı yönəlib.
Yəni vəziyyət gərgindir. Müharibənin belə bir vaxtında Amerikanın Rusiya ilə ticarət əlaqələrinə girməsi yaxşı qarşılanmır. Bu da müharibənin tezliklə bitməsinə gətirib çıxarmayacaq. Ona görə də indiki dövrdə müharibənin dayandırılmasını gözləmək sadəlövhlük olar. Çünki Rusiya atəşkəsi dayandırmaq istəmir. Qara dəniz hövzəsindən, xüsusilə də taxılın daşınmasına icazə vermir və bu da Ukraynanın enerji infrastrukturuna ağır zərbələr vurub.
Artıq neçə gündür ki, Kiyevdə sabit elektrik enerjisi təchizatı təmin olunmur, əhali narazılıq edir. Bütün bunlar onu göstərir ki, Rusiya-Ukrayna müharibəsinin yaxın zamanlarda dayanması heç cür gözlənilmir.
Donald Trampın Rusiya və Ukrayna arasında enerji obyektlərinə hücumların dayandırılması haqqında verdiyi bəyanat qüvvəyə minib. Lakin tərəflər buna nə dərəcədə riayət edəcəklər? Dəfələrlə bu cür razılaşmalar pozulub. Ümid edirik ki, bu dəfə pozulmayacaq və enerji infrastrukturuna zərbələr dayandırılacaq. Ancaq təəssüf ki, Rusiyanın bu razılaşmaya riayət edəcəyini gözləmək çətindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB