Vaşinqton Tehranla bağlı iqtisadi təzyiq kampaniyasını genişləndirir. ABŞ bu həftə İrana qarşı daha bir banka sanksiya tətbiq etməyi planlaşdırır.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Maliyyə naziri Skott Bessentin sözlərinə görə, Vaşinqton İranla bağlı atəşkəs danışıqlarında irəliləyiş əldə olunmaması fonunda Tehranın iqtisadi təcridinə yönəlmiş tədbirləri gücləndirir.
Bessent “Associated Press”ə müsahibəsində sanksiyaların tətbiq ediləcəyi bankın adını açıqlamayıb.
Bu açıqlama ABŞ-ın Misirin ikinci ən böyük bankı “Banque Misr”in İran hökuməti ilə əməkdaşlıq etdiyini iddia etməsindən və onun Birləşmiş Ərəb Əmirliklərindəki əməliyyatlarının ABŞ maliyyə sistemindən kənarlaşdırılacağını bildirməsindən bir neçə gün sonra verilib.
Bessent bildirib ki, ABŞ-ın növbəti addımı hansısa maliyyə qurumunun dollar əsaslı beynəlxalq maliyyə sistemindən tamamilə kənarlaşdırılması ola bilər.
“Reuters”ə danışan ABŞ Maliyyə naziri qarşıdakı həftələrdə bu cür tədbirlərin daha da artacağını deyib. Onun sözlərinə görə, Vaşinqton banklara İran vəsaitləri ilə işləməyin və İran hökumətinə yardım göstərməyin qəbuledilməz olduğunu bildirir.
-İrana qarşı yeni sanksiyalar
ABŞ son dövrlərdə İranın iqtisadi imkanlarını məhdudlaşdırmaq məqsədilə təzyiqləri artırıb. Vaşinqtonun bu kampaniyası “Operation Economic Outcast” adı ilə təqdim olunur.
ABŞ Maliyyə Nazirliyi ötən həftə İrana neft gəlirlərinin əldə edilməsinə, silah tədarükünə və kiber əməliyyatların həyata keçirilməsinə kömək etdiyi iddia edilən şəbəkələrlə əlaqəli təxminən 60 fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib.
İran isə ABŞ-ın son sanksiyalarını rədd edib. İranın iqtisadiyyat və maliyyə naziri Əli Mədənizadə bildirib ki, bu tədbirlər nəticə verməyəcək.
-ABŞ Çinə də təzyiq göstərə bilər
ABŞ Maliyyə naziri Skott Bessent “Böyük iyirmilik” (G20) ölkələrinin maliyyə rəhbərlərinin görüşü çərçivəsində Çin tərəfi ilə də danışıqlar aparacağını bildirib.
Bessent Çinin İranla davam edən ticarətinə görə Pekinə qarşı sanksiya tətbiq edilməsinin də mümkün variantlardan biri olduğunu deyib. O, ABŞ-ın Çinlə qarşıdurmadan çəkindiyi barədə fikirləri isə rədd edib.
Onun sözlərinə görə, Vaşinqton və Pekin Hörmüz boğazının yenidən açılması və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması məsələsində ortaq mövqeyə malikdir.
-Gərginlik yenidən artıb
İran və ABŞ arasında qarşıdurmada fasilədən sonra zorakılıq bazar günü yenidən başlayıb. Məlumata görə, İran ABŞ-ın İranın cənubundakı Larak adasına endirdiyi zərbədən sonra İordaniyada yerləşən iki ABŞ hərbi bazasına raket zərbələri endirib. Bu, iyulun sonundan bəri tərəflər arasında ilk belə qarşıdurma olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB