Abbas Araqçi: "Biz ABŞ-la müharibəyə hazırıq"

İranın xarici işlər naziri Abbas Araqçi Prezident Donald Trampın təhdidlərinə cavab olaraq bəyan edib ki, İran İslam Respublikası həm müharibəyə, həm də ABŞ-la danışıqlara hazırdır.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İranda son üç ilin ən böyük hökumət əleyhinə kütləvi etirazları davam edir. Bu etirazlar İslam Respublikasının 47 illik tarixində görünməmiş mərhələyə çatıb. Etirazçılar ilk dəfə olaraq simvolik də olsa liderə sahibdirlər - o, devrilmiş sonuncu şahın oğlu Rza Pəhləvi olub. ABŞ isə Prezident Donald Trampın timsalında bu etirazları yaxından izləyir və dəfələrlə müdaxilə ilə hədələyib. Bundan əlavə, İranın regional bir güc kimi mövqeləri İsraillə müharibədən və ötən ilin iyununda ABŞ-ın həyata keçirdiyi bombardımanlardan sonra zəifləyib.

Danışıq cəhdləri?

Donald Tramp bazar günü bəyan edib ki, 86 yaşlı ali lider Ayətullah Əli Xameneinin rəhbərlik etdiyi İran hakimiyyəti ona danışıqlar aparmaq üçün zəng edib. Son həftə ərzində Tramp İran rəhbərliyini dəfələrlə ABŞ müdaxiləsi ilə təhdid etmişdi. “İran İslam Respublikası müharibə istəmir, amma tam şəkildə ona hazırdır. Biz həmçinin danışıqlara da hazırıq, lakin bu danışıqlar ədalətli, bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanmalıdır” - deyə xarici işlər naziri Abbas Araqçi dövlət televiziyasında yayımlanan Tehrandakı xarici səfirlər konfransında bildirib.

XİN-in sözçüsü Əsmail Baqai qeyd edib ki, Araqçi ilə Trampın Yaxın Şərq üzrə xüsusi emissarı Stiv Uitkoff arasında əlaqə kanalı açılıb. ABŞ-ın İranla diplomatik münasibəti yoxdur — Tehranda ABŞ maraqlarını İsveçrə səfirliyi təmsil edir.

İnternetin kəsilməsi və kütləvi itkilər

İranda internet cümə axşamından tam şəkildə kəsilib. Hazırda ölkədə internətə qoşulmağın yeganə yolu Starlink peyk terminallarından istifadədir. İranlılar məhz bu üsulla etirazlara dair foto və videoları yayımlayırlar. Xarici media qurumlarına ya ölkədə işləmək tamamilə qadağan olunub, ya da onların ölkə daxilində hərəkəti ciddi şəkildə məhdudlaşdırılır.

Norveçdə fəaliyyət göstərən İran hüquq müdafiə təşkilatı Iran Human Rights (IHR) bazar ertəsi bildirib ki, toqquşmalar zamanı ən azı 648 nəfər həlak olub. IHR-in fikrincə, real qurban sayı daha çox — 6 min nəfərə qədər ola bilər, lakin internetin kəsilməsi səbəbindən çoxsaylı məlumatları yoxlamaq mümkün deyil.

28 dekabrda başlayan və əvvəlcə iqtisadi problemlər səbəbilə alovlanan etirazlar son nəticədə İranın islamçı hakimiyyəti üçün ən ciddi təhdidlərdən birinə çevrilib.

Təhlükəsizlik qurumları etirazları sərt şəkildə yatırır. Müxalifət iddia edir ki, hakimiyyət interneti məhz repressiyaların miqyasını gizlətmək üçün kəsib.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə