Buxarestdə hündürmərtəbəli binada güclü partlayış baş verib...

Üç nəfər həlak olub, çoxlu sayda insan yaralanıb...

Oktyabrın 17-də səhər Rumıniyanın paytaxtı Buxarestdə çoxmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

3 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

SİA xəbər verir ki, bu barədə news.ro məlumat yayıb.

Hazırda xilasedicilər zərər çəkmiş binadan sakinləri təxliyə edir, axtarış-xilasetmə işləri aparır.

Faciəyə qaz sızması səbəb ola bilər.

Fövqəladə Hallar Müfəttişliyi (İGSU) və DSU-nun direktoru Raed Ərafatın verdiyi məlumata görə, insident nəticəsində 3 nəfər həlak olub, daha 13 nəfər xəsarət və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, partlayış səkkiz mərtəbəli binanın iki mərtəbəsinə ziyan vurub, ən çox dağıntı isə yuxarı mərtəbələrdəki mənzillərdə baş verib.

Şagird və müəllimlərin təxliyyə olunduğu qonşu binanın fasadı və məktəb binasına da ziyan dəyib.

Şahidlər kəskin qaz iyinin gəldiyini bildiriblər.

Partlayışın nəticələrinin aradan qaldırılması üçün on yanğınsöndürən maşın, iki yanğınsöndürən nərdivan maşını, iki xilasetmə maşını, üç SMURD təcili yardım maşını, mobil reanimasiya şöbəsi və mobil komanda məntəqəsi cəlb edilib. Hazırda heç kimin əraziyə yaxınlaşmasına icazə verilmir.

...Bundan əvvəl Hollandiyanın Amsterdam şəhərində partlayışdan sonra yaşayış kompleksində güclü yanğın baş verib.

Çoxmərtəbəli binanın sakinləri alovdan xilas olmaq üçün sözün əsl mənasında pəncərələrdən atılıblar.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb - birinin bir neçə yüngül sınığı, digərləri isə tüstüdən zəhərlənib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə