“Boko Haram” Nigeriyada intihar hücumu həyata keçirib

Nigeriyanın Borno əyalətində terror təşkilatı “Boko Haram”ın hərbi bazaya təşkil etdiyi intihar hücumu nəticəsində 27 əsgər həlak olub.

SİA xəbər verir ki, Nigeriya ordusundan adının açıqlanmasını istəməyən bir rəsmi yerli mətbuata verdiyi açıqlamada “Boko Haram” üzvlərinin Borno əyalətində bir hərbi bazaya intihar hücumu təşkil etdiyini çatdırıb. O, hücumda 27 əsgərin həyatını itirdiyini və bir çox adamın yaralandığını bildirib.

Digər tərəfdən, ordunun 16-25 yanvar tarixlərində Borno əyalətinə bağlı Tumbuktu bölgəsində keçirdiyi əməliyyatlarda 70 terrorçu məhv edilib. Nigeriya Müdafiə Nazirliyinin Media əməliyyatları direktoru Edvard Buba verdiyi yazılı açıqlamada əməliyyatlarda 3 təşkilat lideri ilə birgə 70 terrorçunun zərərsizləşdirildiyini, 22 əsgərin həyatını itirdiyini və çox sayda yaralı olduğunu bildirib.

2000-ci illərin əvvəllərindən bəri Nigeriyada fəaliyyət göstərən “Boko Haram”ın 2009-cu ildən bu yana təşkil etdiyi kütləvi terror aktlarında on minlərlə insan həlak olub. Terror təşkilatı 2015-ci ildən etibarən ölkənin qonşuları olan Kamerun, Çad və Niger ərazilərində də hücumlar təşkil edib. Çad gölü hövzəsindəki hücumlarında azı 2 min nəfər həyatını itirib.

Xatırladaq ki, ölkədə terror hücumları və toqquşmalar səbəbindən yüz minlərlə insan məcburi köçkün vəziyyətinə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə