Çin şirkətləri Rusiyada satışlarını dayandırır...

Rublun ucuzlaşması ilə əlaqədar...

...Çin istehlak malları tədarükçüləri rublun məzənnəsinin çökməsi ilə əlaqədar Rusiyanın onlayn platformalarında satışı müvəqqəti dayandırmağa başlayıblar.

SİA xəbər verir ki, bu barədə “South China Morning Post” sənaye mənbələrinə istinadən məlumat yayıb.

Rublun 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə düşməsi Çinli sahibkarların, xüsusən də Rusiya valyutası ilə ticarət edənlərin narahatlığına səbəb olub.

Çin kütləvi malların tədarükündə Qərb şirkətlərini əvəz edərək Rusiyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Gömrük məlumatlarına görə, Çindən hər ay Rusiya Federasiyasına 10-11 milyard dollar dəyərində mal idxal edilir ki, bu da müharibə başlayana qədərki göstəricidən iki dəfə çoxdur. Rusiya bazarlarında malların 50 faizdən çoxu Çindən gəlir və Çin avtomobillərinin bazarda payı 70 faizə çatıb.

Bununla belə, rublun devalvasiyası Çin ixracatçılarına ciddi ziyan vurub.

Bunu Waimaojia biznes platformasının təsisçisi Endi Quo deyir.

…Rublun düşməsi bir tərəfdən qiymətləri artırır ki, bu da Rusiya istehlakçılarının alıcılıq qabiliyyətini azaldır. Digər tərəfdən, valyutanın dəyişməsi xərclər ödənildikdən sonra ixracatçıların marjasını azaldır.

…Ozon, Wildberries və Yandex Market kimi Rusiya bazarlarında 150 minə yaxın çinli satıcı var. Lakin ödəniş problemləri vəziyyəti çətinləşdirir. Şençjenedəki operatorlardan biri bildirib ki, onun şirkəti Rusiyaya yüz milyonlarla yuan dəyərində mal göndərib, lakin hələ də Wildberries-dən ödəniş almayıb.

Başqa bir satıcı qeyd edib ki, Rusiyada alınan rubllar yalnız qara bazarda dəyişdirilə bilər, bu isə risklidir.

Noyabrın əvvəlindən rubl yuan və dollar qarşısında 10 faiz, avroya qarşı isə 7,5 faiz dəyər itirib.

…Reuters agentliyinin məlumatına görə, bu, son iki ildə Rusiya valyutası üçün ən pis göstəricidir.

Rusiya Federasiyası Mərkəzi Bankı vəziyyəti sabitləşdirmək üçün ehtiyatlardan yuan satışını iki dəfə artırmağa məcbur olub.

Bununla belə, rublun devalvasiyası xarici ixracatçılar üçün ciddi çətinliklər yaratmaqda davam edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə