Neft bazarları, İsrailin hücumları və ərəb dünyası

SİA yazı ilə bağlı Türkiyə saytlarına istinad edib

İsrailin Qəzzaya qarşı hücumlarınından 1 il keçib. Qətlə yetirilən fələstinlilərin sayı 45 minə yaxınlaşıb. Minlərlə uşaq, qadın, körpə və yaşlının cənazəsi hələ də vurulan binaların altında qalıb. Yaralıların sayı isə 100 minə çatıb. Qəzza zolağında 1,2 milyondan çox adam yerindən edilib, evindən olub. Lakin İsrailin təcavüzkarlığı bununla məhdudlaşmır. İranla yaşanan gərginlikdən sonra rəsmi Təl-Əviv Livana yönəlib. Hizbullah ünsürləri hədəfə alınıb. İsrailin ölkədəki hücumlarında son 1 ildə təxminən 2500 nəfər həyatını itirib, minlərlə insan isə yaralanıb. Bu yanaşmaya BMT və beynəlxalq ictimaiyyətdən hər hansı bir tədbir görülməməsi prosesin nə qədər davam edəcəyi ilə bağlı sual işarəsi olaraq qalır.

İsrailin bu davranışı bölgədə yeni böhranlara da yol açır. Bütün bu hadisələr bizə keçmişdə yaşanan fərqli bir böhranı da xatırladır. 1973-cü ildə Ərəb-İsrail müharibəsindən sonra ABŞ-ın Təl-Əvivə dəstək verməsi neft istehsal edən ərəb ölkələrini hərəkətə gətirdi. Səudiyyə Ərəbistanının rəhbərliyindəki ölkələr ABŞ-a qarşı neft ambarqosu tətbiq etdilər. Daha sonra bu sanksiya Qərbi Avropa və Yaponiyanı da əhatə edəcək şəkildə genişləndirildi. Ambarqo ilə birlikdə neftin barrel qiyməti 1 il ərzində 3 dollardan 12-yə yüksəldi. Sənayesi inkişaf etmiş Qərbi Avropa və Amerika Birləşmiş Ştatlarında avtomobil sektoru ciddi zərər gördü. Yaponiya sanksiya ilə üzləşdikdə İsraillə münasibətlərini ən aşağı səviyyəyə endirmək məcburiyyətində qaldı. İngiltərə isə ərəblərə qarşı tətbiq etdiyi ambarqonu aradan qaldırdı və İsrailə silah sanksiyası tətbiq etməyə başladı. Neft qiymətinin 400 faiz artması səbəbindən Avropada sənaye məhsullarının qiymətində çox yüksək artımlar yaşandı. Bu vəziyyət çox ciddi inflyasiyaya səbəb oldu.

Bu gün baş verən hadisələr çərçivəsində ərəb ölkələrinin geniş miqyaslı bir neft ambarqosu tətbiq edəcəyi gözlənilmir. Lakin İranın neft sektorundaki açar rolu beynəlxalq bazarlara birbaşa təsir edir.

Neft bazarları üçün əsas narahatlıq mənbəyi İsrailin cavab olaraq İranın neft obyektlərini hədəfə alması və bunun da xam neft qiymətlərini əhəmiyyətli dərəcədə artırma potensialıdır.

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) görə, 2024-cü ilin avqust ayında gündəlik 3,3 milyon barreldən çox istehsalı ilə son 5 ilin ən yüksək səviyyəsinə çatan İran dünyanın ən böyük 10 neft istehsalçısı arasında yer alır. O, qlobal təchizatın təxminən 2 faizini təmsil edən istehsalının yarısını ixrac edir.

İsrailin gərginliyi daha da artırması və regional bir müharibənin başlamasının neft qiymətlərini ciddi şəkildə artırmasından böyük narahatlıq var. Bu vəziyyətin hazırda davam edən yüksək qlobal inflyasiya şəraitini daha da çətinləşdirməsindən qorxulur.

Regional böhrandan yalnız neftin qiyməti deyil, neftin daşındığı marşrutlar da birbaşa təsirlənib. Yəməndəki husilərin Qırmızı dənizdəki neft gəmilərini hədəfə alacaqlarını açıqlaması gəmilərin marşrut dəyişməsinə səbəb oldu.

Dünya ticarətinin 10 faizinin həyata keçirildiyi Qırmızı dəniz marşrutu artıq böyük nəqliyyat şirkətləri tərəfindən də üstün tutulmur. Bab əl-Məndəb boğazı Asiya ilə Afrika qitəsi arasında yerləşir. Boğaz Yəmən ilə Cibuti dövlətləri arasında Qırmızı dənizin Hind okeanına çıxışını təmin edir. Ən dar yeri 32 km. enində olan boğazdan ildə təxminən 33 min gəmi keçir. Bu gəmilərin mühüm bir qismini Körfəz ölkələrinin neftini daşıyan tankerler təşkil edir. Dünya neft istehlakının təxminən beşdə birinin keçdiyi boğazdakı nəqliyyat təhlükəsizliyi beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənir. ABŞ, Rusiya, Çin, Fransa və İsrail boğaza yaxın ölkələrdə hərbi bazalara sahib olmaq istəyir.

Digər tərəfdən, Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən süni bir su yolu olan Süveyş kanalı Afrika qitəsi ətrafında daha uzun bir yol qət etmədən Avropa ilə Asiya arasındakı dəniz ticarət yolunu qısaldır. Lakin husilərin hücumları səbəbindən son 1 ildə yüzlərlə gəmi daha baha başa gəlməsinə baxmayaraq, Süveyş kanalını deyil, Ümid burnunu istifadə etməyə başlayıb. Bu vəziyyət xüsusilə mayeləşdirilmiş təbii qazın qiymətlərinin də artmasına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə