Qırğızları Rusiya üçün döyüşməyə necə cəlb edildiyindən danışırlar

Çelyabinskdən ondan çox Mərkəzi Asiyalı döyüşə göndərilib. Bunlardan yalnız bir özbək sağ qalıb, qalanların hamısı ölüb...

...Qırğızıstanda getdikcə daha çox valideyn Rusiyaya işləməyə gedən övladlarının Ukraynadakı müharibədə iştirak etmək üçün Rusiya hakimiyyəti tərəfindən “işə götürüldüyünü” və ya məcburi şəkildə döyüşlərə cəlb edildiklərini deyirlər.

Təbii ki, ən həssas vəziyyətdə məhkum edilərək həbsxana və koloniyalarda cəza çəkən gənclərdir. Belə ki, ruslar onlar üçün xüsusi olaraq elə dözülməz şərait yaradırlar ki, onlar özləri “könüllü” olaraq müqavilə imzalamağa razı olurlar?

İkinci həssas qrup Rusiyada vaxtı keçmiş və ya etibarsız sənədlərlə yaşayanlardır: onlar Rusiyadan deportasiya təhlükəsi ilə müqavilələr bağlamağa məcbur olurlar.

... SİA-nın əldə etdiyi məlumata görə, bu arada bir qrup jurnalist Qırğızıstanın müxtəlif bölgələrində övladları oxşar vəziyyətə düşmüş sakinlərlə söhbət ediblər.

Deməli, Oş sakinlərindən biri bildirib ki, kiçik oğlunu həbsxanadan müharibəyə aparıblar, böyük oğlunu isə metroda yaxalayıb müqavilə bağlamağa məcbur ediblər. Kiçik oğlu cəbhədə ağır yaralanıb və evə güclə gəlib: amma atası onun tam sağalacağına əmin deyil.

...Oğlu Rusiya hakimiyyəti tərəfindən Ukrayna ilə müharibəyə göndərilən digər Qırğızıstanlı Camalbekdir. O, Bişkekin kənarında yaşayır. Camalbekin oğlunun adı Mirlandır: o, cəmi 18 yaşında ikən Rusiya həbsxanasına düşüb, indi isə 21 yaşı var.

Bir ay əvvəl oğlu zəng edərək valideynlərinə hərbi müqavilə bağlamağa məcbur edildiyini deyib. Bundan sonra onunla əlaqə itib.

...Onları müharibəyə getməyə məcbur etmək üçün həbsxanada olmazın işgəncələr verirlər, baxmayaraq ki, bu, açıq şəkildə deyilmir.

...Belə ki, rusların xüsusi xidmət əməkdaşları məhbusların yanına gəlir, onların psixologiyasına təzyiq göstərir, onları 10 gün cəza kamerasında saxlayıb sonra müqavilə bağlamağa məcbur ediblər. Necə oğluma işgəncə verdikləri kimi...

Bunu Camalbek oğlunun dediklərinə istinadən bildirir.

…Rusiyada olan Mirlan da narkotikə görə məhkum edilib: ona 8 il cəza verilib. O, cəzasını Novosibirsk vilayətindəki islah koloniyalarından birində çəkib.

Camalbek deyir ki, oğlunu müharibədən çəkindirməyə çalışsa da, buna nail ola bilməyib.

…Ona dedim ki, oğlum, əgər müharibədən sağ çıxıb Qırğızıstana qayıtsan, sən burada da məhkum olacaqsan. Səni burada qəbul etməyəcəklər, əlavə cəza alacaqsan. Mən ona dedim: sakit oturmaq daha yaxşıdır, çətin olsa da, səbirli ol.

Sonradan eşitdik ki, Çelyabinskdən ondan çox Mərkəzi Asiyalı döyüşə göndərilib. Bunlardan yalnız bir özbək sağ qalıb, qalanların hamısı ölüb.

…Qeyd edilməlidir ki, Rusiyada Qırğızıstandan olan nə qədər miqrantın əsgər kimi Ukraynaya getməyə məcbur edildiyini heç kim bilmir.

Bir çox miqrant qırğızlar Rusiya pasportlarına malikdirlər deyə, işə götürülənlərin statistikasında onlar rusiyalı kimi göstərilirlər.

Bundan əlavə, bir çox qığız valideynlər övladları barədə məsələni ictimailəşdirməkdən qorxurlar. Qorxurlar ona görə ki, əgər onlar nə vaxtsa Qırğızıstana-evə sağ qayıda bilsələr, vətənlərində mühakimə olunacaqlar, yəni muzdlu olduqlarına görə həbs olunacaqlar.

Çünki Qırğızıstan qanunları xarici ərazidə hərbi əməliyyatlarda iştirak etməyi qadağan edir.

…Və bu arada Qırğızıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya həbsxanalarında min yarıma yaxın qırğızıstanlı cəza çəkir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə