Numan Kurtulmuş Fələstin Milli Şurasının sədri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Fələstinin dostlarını daha da gücləndirmək məqsədilə insanlıq cəbhəsinə dəstəyin artırılması ilə əlaqədar çağırış edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Numan Kurtulmuş paytaxt Ankarada Fələstin Milli Şurasının sədri Ravhi Fəttuh ilə görüş keçirib. Görüşdə Türkiyənin Fələstinin yanında olduğunu vurğulayan Numan Kurtulmuş İsrailin Qəzzada törətdiyi soyqırım və qətliamlara bir daha sərt reaksiya verib.

Numan Kurtulmuş deyib:“Təəssüf ki, Netanyahu və dəstəsi ABŞ və bəzi qərb ölkələrindən aldıqları qeyri-məhdud dəstəklə Yaxın Şərqdə nəhəng atəş çuxuru əmələ gətirdi. Ümid edirik ki, Netanyahu və dəstəsi bu çuxura düşəcək”.

Fələstinə beynəlxalq arenada dəstəyin əhəmiyyətini vurğulayan Numan Kurtulmuş “Dünyada insanlıq cəbhəsinin gücünü daha da artırmalıyıq,” – deyə bildirib.

Fələstin Milli Şurasının sədri Ravhi Fəttuh da öz növbəsində verdiyi güclü dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə