“Gürcüstan balanslı siyasət həyata keçirməyə çalışır“ - ŞƏRH OLUNDU

“Gürcüstan dünyanın qaynar nöqtələrindən biridir. 1990-cı illərin əvvəllərində Gürcüstanda birinci Osetiya-Abxaziya müharibəsi, daha sonra dövlət çevrilişi və ardıcıl olaraq baş verən proseslər Gürcüstanı dünyanın qaynar nöqtələrindən birinə çevirib”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.

O bildirib ki, dünyanın qaynar nöqtələrindən birində parlament seçkilərinin keçirilməsi bütün dünyanın diqqət mərkəzindədir: “Gürcüstan artıq Qərblə Rusiya arasında maraqların toqquşduğu nöqtəyə çevrilir. Bu isə hadisələrin gedişatını biraz daha maraqlı edir. Qərbin Gürcüstanda kifayət qədər 5-ci kalonları var. Onlar Gürcüstan dövlətini, gürcü millətini tamamilə kollektiv Qərbin, Qərb dairələrinin istədiyi yöndə nəzarətdə saxlamaq istəyir. Həmçinin Qərb bölgə reallıqlarını nəzərə almadan öz siyasi kurslarını həyata keçirməyə çalışırlar. Gürcüstan hökuməti isə son illərdə bunu daha yaxşı başa düşməyə başlayıb.

Gürcüstan dövlətinin son açıqlamalarına baxsaq, həm Rusiya, həm də Qərb ilə normal münasibətlərə can atdığını görərik. Çünki Gürcüstan yaxşı bilir ki, heç bir tərəflə münasibətlərin gərgin olması ona sərf etmir. Buna görə də balanslı siyasət həyata keçirməyə çalışır. Bunun fonunda gürcü xalqının verəcəyi qərarı da görəcəyik. Qərb seçki öncəsi öz tərəfdaş qüvvələrinin aktivliyini artırmaq üçün Gürcüstan hökumətinə qarşı çox ciddi təzyiqlərə əl atır. Lakin nəticə etibarilə son sözü gürcü xalqı deyəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə