"Azərbaycan bu məsələdə mütləq haqlı tərəfdir" - ŞƏRH EDİLDİ

“Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, uzaqgörən siyasəti, iradəsi və Müzəffər Ordumuzun şücaəti ilə Qarabağ 2020-ci ilin 44 günlük Vətən Müharibəsi, 2023-cü ilin sentyabrında 1 günlük anti-terror əməliyyatı ilə işğaldan tam azad edilib. Suverenliyimiz tam təmin olunandan sonra başlıca prioritetimiz Qarabağın yenidən qurulması, paralel olaraq məcburi köçkünlərin doğma yurduna qaytarılmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Artıq Zəngilan, Füzuli, Cəbrayıl, Laçın, Şuşa, Xocalıya xeyli sayda keçmiş məcburi köçkün ailələri köçürülüb. Proses sürətlə icra olunur. Azərbaycan bölgədə separatizmi məhv edib və işğaldan azad edilmiş əraziləri bərpa etməklə, məskunlaşmanı sürətləndirməklə məşğul olduğu bir vaxtda bu gün dünyada bəzi anti-Azərbaycan qüvvələr qərəzli bəyanatlar verir.

Onlar qayıdış prosesinə, ərazilərin minalardan təmizlənməsinə kömək etmək əvəzinə Azərbaycana böhtanlar yağdırırlar. Guya Bakının Qarabağda birgəyaşayışa imkan verməməsi kimi böhtanlar uydururlar. Hansı ki, Azərbaycan bu məsələdə mütləq haqlı tərəfdir. Bədxahlarımız Qərbi azərbaycanlıların tarixi yurdlarında yaşamaq haqqından danışmaq belə istəmirlər.

Yeri gəlmişkən, bu yanlış fikirləri ifşa etmək, Qarabağa köç prosesinin necə möhtəşəm və bölgə üçün vacib proses olduğunu məqsədilə icraçı direktoru olduğum “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Qeyri hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dinc birgəyaşayış təşəbbüsləri: Hüquqlar, təcrübə - mediada və sosial şəbəkələrdə böyük təbliğat kampaniyası” adlı layihə icra edib. Layihə çərçivəsində elə ötən həftə Qarabağda – Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçında, Şuşada, Xankəndində həyata keçirilən köç prosesini izləmişik. Çox möhtəşəm bir işlər görülür və Qarabağa qayıtmış insanları dinlədikcə onların necə firavan, doğma yurdda xoşbəxt yaşamasının şahidi olduq. Əlbəttə, köç prosesi asan məsələ deyil və 30 ildə darmadağın edilmiş Qarabağa qayıdışı bu cür sürətlə həyata keçirmək heyratımızdır. Dövlətimizin nə qədər qüdrətli olmasının, Prezidentin məsələyə necə həssas yanaşmasının göstəricisidir. Qısa müddətdə Füzulidə, Cəbrayılda, Ağdamda yeni yaşayış massivləri salınacaq və mərhələli şəkildə insanlarımız el-obasına qaytarılacaq. Bu, tarixi bir prosesdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə