“Sözlə başa düşmürlərsə, cərimələnmə ilə anlatmaq lazımdır” - EKSPERT RƏYLƏRİ
“Normal cəmiyyətlərdə bir insana “əlindəki zibili yerə atma” demək onu təhqir etmək kimi qəbul olunur. Çünki o yerə zibil atmağın hansı nəticələrə gətirib çıxaracağını bilir. Anlayır ki, ekoloji vəziyyət ürəkaçan olmayacaq, dünya zibilliyə çevriləcək. Normal insan hər insanın yerə bir dənə siqaret kötüyü atmasının nə demək olduğunu başa düşür. Bunun üçün ona qanun, cərimə gərək deyil. İnsanlar məsuliyyətini dərk edirlərsə və bu qaydanın ümumi rifah və ictimai asayiş naminə olduğunu bilirlərsə, cərimə olunmasalar belə, sözsüz qaydaya əməl edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının eskperti Lalə Mehralı deyib.
O bildirib ki, cərimə o ölkələrdə güc, silah kimi istifadə edilir ki, ölkəmizdəki kimi orada insanları ram etmək, qanuna, qaydaya tabe etmək çox çətin olur: “Yollardakı vəziyyəti xatırlayın, əvvəllər necə idi? Niyə o qədər xaotik vəziyyət idi? İnsanlar üçün zolağı dəyişəndə dönmə işıqları yandırmağın, qırmızı işıqda keçmənin, avtobus zolağına girmənin əhəmiyyəti yox idi, cərimələrin gücü ilə ram oldular.
Biz uzun müddətdir ki, eyni təcrübəni şəhərin təmizliyində də sınaqdan keçirməyi təklif edirdik. Yerə tüpürənlər, siqaret kötüyü, qida qalıqları, paketlər atanlar təbiətə verdiyi zərərin fərqində deyilsə, onlara bunu xatırlatmaq lazımdır. Yaşadığımız şəhər, ölkə, bu dünya bizim ümumi evimizdir, insan evini necə saxlayırsa təbiəti də elə saxlamalıdır. Əgər bunu sözlə başa düşmürlərsə, o zaman cərimələnmə ilə anlatmaq lazımdır”.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev fikirlərini bölüşüb: “Cərimə inzibati tənbehin növlərindən biridir və İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Ümumiyyətlə inzibati tənbehin məqsədi inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
Bu mənada, cərimənin yüksək olması vətəndaşları inzibati xətaya yol verməkdən çəkindirmək üçün təsir edən amillərdən biridir. Məsələn, hazırda İnzibati Xətalar Məcəlləsinin 212.4-cü maddəsinə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə əlli manat məbləğində cərimə edilir. Ancaq bu inzibati xətaya görə zərimə məbləğinin bir neçə dəfə artırılması vətəndaşları daha məsuliyyətli olmağa, bu əmələ yol verərsə yüksək məbləğdə cərimələnəcəyini bilməsi, onu daha məsuliyyətli olmağa sövq edir. Ancaq bütün hallarda, cərimənin məbləği ağlabatan olmalı, əhalinin gəlirləri ilə mütənasiblik təşkil etməlidir. Yəni, məsələn 345 manat aylıq əməhaqqı olan şəxsin bir inzibat xətaya görə 300 manat cərimələnməsi həmin şəxsin yaşayışına ciddi təsir edən amildir. Ona görə də cərimə məbləğləri artırılarkən bu məqamların da nəzərə alınması vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə