"Həddindən artıq dərs yükü uşaqların psixoloji yorğunluğuna səbəb olur" - PSİXOLOQ

"Həddindən artıq dərs yükü uşaqların psixoloji yorğunluğuna səbəb olur" - PSİXOLOQ

"Uşaqların dərs yükü ilə yüklənməsi, xüsusilə də iki aydan sonra, əlbəttə ki, onların psixoloji sağlamlığına mənfi təsir göstərir. Çünki tətildən çıxmış uşağa birdən-birə ev tapşırıqları verilməsi, həmçinin uşaqların hazırlığa getməsi və demək olar ki, ağır rejimə girmələri onların həm motivasiyalarını, həm də özgüvənlərini aşağı salır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.

Onun sözlərinə görə, həmçinin, dərsləri çatdıra bilməyən uşaqlar aqressiv olurlar: "Ailədə problemlər başlayır, yəni valideynlərin narazılığı və mübahisələri artır.

Ona görə də düşünürəm ki, ümumiyyətlə, həddindən artıq dərs yükü uşaqların psixoloji yorğunluğuna səbəb olur, həmçinin onların digər insanlarla münasibətlərini korlayır.

Yaxşı olar ki, dərs yükünü ümumiyyətlə yavaş-yavaş artırmaq, yəni fitnesdə olduğu kimi tədricən artıraraq uşağın dərsə adaptasiya olmasına yardım etmək əsas məsələdir.

Və ümumiyyətlə, məktəb müəllimləri də, hazırlıq müəllimləri də bacardıqları qədər dərsdə uşağın hazırlaşmasına kömək etməlidirlər. Ev tapşırıqları minimal olsa, uşaqlar onu gözlərində faciələşdirməyəcəklər. Və demək olar ki, düzgün hazırlaşıb, əsəb sistemi də sakit olacaq.

Çox vaxt valideynlərin şikayətini eşidirəm ki, uşaq evə gəlir, saat birə qədər dərs oxuyur, sonra səhər yuxudan dura bilmir. Bu da zəncirvari şəkildə uşağın gününü korlayır, orqanizmini zəiflədir, həm bioloji, həm də psixoloji olaraq zəifləməsinə səbəb olur".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə