"Bağçada çalışanların əksəriyyətinin təhsili yoxdur" - EKSPERTLƏ MÜSAHİBƏ

Təhsil eksperti Kamran Əsədovun SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Təhsildəki problemlərin səbəbini nədə görürsünüz?

- Təhsil çox geniş bir sahədir. Ölkədə ikinci elə bir sahə yoxdur ki, öz ətrafında iki milyon insanı eyni vaxtda birləşdirsin. Etiraf edək ki, Azərbaycan təhsili 2013-cü ildən sonra dəyişib. Bizim problem olaraq gördüyümüz şərti olaraq rüşvət, korrupsiyadır. 2013-cü ildən bəri təhsillə bağlı o qədər də ciddi problemimiz yoxdur. Təbii ki məktəblərdə fond pulu, süpürgə pulu kimi məsələlər hələ də qalır. Amma bunu qlobal problem hesab etmək olmaz. Problem dedikdə məzmun, standart və keyfiyyətdən danışmalıyıq. Məsələn, bu gün kimi dindirsən, orta məktəblərdə təhsilin olmadığını deyəcək. Niyə?! Səhər saat 8 dən başlayan bəs nədir?! Biz təhsil sisteminin nəticəsini hansı alətlə ölçürük? Birincisi qəbul və buraxılış imtahanlarının nəticələri ilə ölçürük.

Problem əlçatanlıqdır. Söhbət uşaq bağçaları və körpələr evindən gedir. Bu gün ölkədə 1693 uşaq bağçası var və cəmi 113 min uşaq təlim-tərbiyəyə cəlb olunub. Söhbət uşaq bağçalarından gedir. Yəni, əlçatanlıq yoxdur. Bağçada yer yoxdur. Amma orta ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu mərkəzləşmiş test yolu ilə aparılır. Bilik və bacarığını göstər, sən də imtahandan keç. Bunu problem olaraq deyə bilmərik. Kadr siyasəti mərkəzləşmiş qaydada imtahanladır.

Uşaq bağçalarında işə qəbul məsələsi var. 2011-2021-ci illər arasında uşaq bağçaları icra hakimiyyətlərinin nəzdində idi. Siz həmin ilə aid bir dənə fakt göstərə bilməzsiniz ki, uşaq bağçalarında işə qəbul imtahanla olub. İnanın ki, orada çalışanların böyük əksəriyyətinin ya ümumiyyətlə təhsili yoxdur, ya da qeyri-sahənin insanlarıdır. Biz problemi keyfiyyətdə görürük. Problem bizim təhsil verənlərimizin bilik və bacarıqları ilə bağlıdır. Bu da ən yaxşı sertifikasiyada müəyyənləşir. Ölkədə 4 minə yaxın ibtidai sinif müəllimi özü oxumağı-yazmağı uşaqlara öyrətdiyi halda, bu bacarığa malik deyil.

- Şagird-müəllim münasibətlərindəki problemlərin kökü Elm və Təhsil Nazirliyində, yoxsa valideyinlərdədir?

- Bu gün orta ümumtəhsil məktəblərində 1,6 milyon uşaq təhsil alır. Ölkə əhalisinin 11 milyon olduğunu nəzərə alın. Bu il ali məktəblərə keçirilən imtahanlarda 600 dən yuxarı bal toplayan uşaqlar 16-17 yaşındadır. Mən sizə həmin yaşda xüsusi amansızlıqla cinayət törədən uşaqların sayını deyim? Bu say 400 nəfərə yaxındır. Yəni bu cəmiyyətdə olacaq. Bunun səbəbi Elm və Təhsil Nazirliyində, yaxud məktəbdə deyil.

2020-ci ilin martın əvvəlindən pandemiya səbəbindən onlayn dərslərə keçdik. Valideyn olaraq hər birimizin öhtəliyi övladlarımızın onlayn platformalara qoşulması üçün elektron resurslarla təmin etmək oldu. Biz buna məcbur idik. Dərsdən sonra da həmin alətlər uşaqların əllərində qaldı. Yaşlarına və psixologiyalarına uyğun olmayan sosial şəbəkələrdən istifadə etdilər. 2020-ci ilin martına qədər Azərbaycan seqmentində sosial şəbəkələrdən istifadə edən insanların sayı ilə ondan sonrakı arasında bilirsiniz nə qədər fərq var? 60 faiz artım olub. Bu xüsusilə "TikTok" sosial şəbəkəsinə aiddir. Bunlar məhdudlaşdırılması mümkün olmayan sahələrdir.

1995-ci ilə qədər ölkədə nə qədər televiziya var idi?! Bir kanala baxıb məlumat alırdıq. İndi hərə öz auditoriyası ilə hər an canlı açıb insanlara xitab edir. İnformasiya mənbəyi kifayət qədər çoxalıb deyə uşaqlar dünyanın istənilən ölkəsinin sosial şəbəkələrinə daxil ola bilirlər.

Problem bilirsiniz hardadır?! Bilirəm, müəllim də insandır. Necə ki, polis, prokurorluq və məhkəmə orqanları sosial şəbəkədən məhdud istifadə edirlər, biz də müəllimə dövlət qulluqçusu statusu verməliyik. Çünki dövlət qulluqçusunun sosial şəbəkədən bu qədər rahat istifadə etməsi mümkün deyil. Onlar da insandır, başa düşürəm. Amma əziz qardaş, sən insan yetişdirirsən. Şagirdləriniz sizin gələcəyə göndərdiyiniz məktublardır, ünvanını bilmirsiniz, amma bu məktublar cavab olaraq sizə qayıdacaq. Bu məktubları nə qədər yaxşı yazsanız, onlar da sizə elə qayıdacaq. Məsələn, həkim, polis olara qayıdacaq.

- Şagirdlərin növbə məsələsinə görə gecə saatlarında dərsdən çıxmasına münasibətiniz necədir?

- Çox təəssüflər olsun ki, bu gün gənc analar sosial şəbəkədə vaxt keçirdikləri qədər övladlarına zaman ayırmırlar. Sonra deyirlər ki, uşaq niyə belə oldu? Bilirsiniz, bu tək məktəbin funksiyası deyil ki, sizə bilik versin, bacarıq formalaşdırsın, tərbiyə versin. Təbii ki bu olur. Amma bir yükün digər tərəfinə öz əlimizi də qoymalıyıq.

Bakının Xəzər rayonu Binə qəsəbəsi var ki, burada 80 mindən çox insan məskunlaşır. Orada 4-5 məktəb var. Şagird sayı da 26 mindir. Məktəblərin normal tutumu isə cəmi 12 minlikdir. Məskunlaşma zamanı mütləq yerlər ayrılmalıdır. Məktəb direktoru nə etsin?!

- Ali təhsil müəssisələrində tələbələrin geyimi sizi qane edirmi?

- Bu gün ali təhsil müəssisəsi mütəxəssis hazırlayan bir yerdir. Siz sabahın müəllimi, həkimisiniz. Təbii ki, xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla, digərləri geyimlə bağlı müqavilə olmasa tələbələrin geyiminə, saç-saqqalına müdaxilə edə bilməz.

Tələbə gəncdir. Amma bu o demək deyil ki, siz təhsil müəssisəsində diqqət çəkəsiniz. Bu tədrisin normal təşkilinə mane olur. Yəni, sənin azadlığın mənə qədərdir. Əgər sənin azadlığın mənim diqqətimi pozacaqsa, buna icazə vermək olmaz. Geyim tədrisin keyfiyyətinə təsir göstərən amillər sırasında ilklər gəlir.

Elə bu küçədə görün nə qədər tələbənin əlində dəftər-kitab var? 100 tələbənin birində görə bilərsiniz. Mən bu barədə monitorinq aparıram. Məlum oldu ki, 20 min tələbənin cəmi iki mini kitabxanalarda qeydiyyatdadır.

Dərsdən sonra kim necə istəyirsə, elə də geyinsin. Ali təhsil müəssisəsi öncədən elan etmək şərti ilə buna məhdudiyyət qoya bilər ki, sənin ayaqların bizim diqqətimizi pozur. "Dress kod"lar tətbiq edilə bilər.

- Uşaqların gələcək akademik fəaliyyəti üçün məktəbə Azərbaycan, yoxsa rus dilində başlamalıdırlar?

- Birmənalı şəkildə Azərbaycan dilində başlamalıdırlar. Çünki resurslar kifayət qədər çoxdur. Bir ölkədə müxtəlif xarici dillər tədris oluna bilər. Bu akademik səviyyətə heç vaxt uğurlu ola bilmir.

Əgər sizin ailədə və cəmiyyətdə ünsiyyət vasitəsi kimi rus dili yoxdursa, övladınızı bədbəxt etməyin. Sizə bir nümunə deyim. Rus bölməsində birinci sinifə 15 min nəfər qəbul olub. 9-cü sinifə 6 min nəfər gəlib çatıb. Məzun olan isə 4 min nəfərdir. Onların böyük əksəriyyəti düşünür ki, rus dilində oxusa uğurlu bir mütəxəssis olacaq. Hər kəsə yalnız öz ana dilində təhsil almağı tövsiyə edirəm. Bu onların gələcək uğurlarının başlanğıcıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə