Ağır yol-nəqliyyat hadisəsi baş verib, yaralananlar var - RƏSMİ - YENİLƏNİB

Bu gün səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb. Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların vəziyyəti ilə bağlı TƏBİB-dən SİA-nın sorğusuna cavab olaraq bildirib ki, xəsarət almış 5 nəfər (3-ü kişi, 2-i qadın olmaqla) müxtəlif travmalarla Siyəzən Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Onlardan xəsarət alan 1989-cu il təvəllüdlü şəxsə (qadın cinsli) almacıq sümüyü və əngin sınığı diaqnozu qoyulub və Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

1966-cı il təvəllüdlü şəxsə (kişi cinsli) sol əlin IV daraq sümüyünün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi diaqnozu qoyulub və Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsində tibbi yardım göstərilir. 1988-ci il təvəllüdlü şəxsə isə (qadın cinsli) döş qəfəsinin küt travması, başın təpə nahiyyəsinin kəsilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat icra edilib. Hazırda hər birinin müalicəsi davam edir.

Digər şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə