"Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib - YENİLƏNİB - FOTOLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfrans keçirilib. SİA xəbər verir ki, konfransda dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, eləcə də tələbələr iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məsələ ilə bağlı çıxışında bildirib: "Yaşıl dünya naminə həmrəylik ili” və COP29 su ehtiyatlarının mühafizəsinə və digər məsələlərə yönəlmiş çox vacib platformalardır".

Onun sözlərinə görə, bu çərçivədə təhsilə əlçatanlıq, gender bərabərliyi, yüksək ixtisaslı mütəxəssis hazırlığı, ali və orta təhsil müəssisələrində bərabər imkanların bu kontekstdə cəmiyyət və dövlətin inkişafı üçün də inkişaf üzrə hədəflərinin nə qədər vacib olduğunu söyləməyə imkan verir: "Əlbəttə, Azərbaycan 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş prioritetdən birini təsadüfi olaraq təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi müəyyən etməyib. Bu çərçivədə artıq bir neçə il idi ki, ölkəmizin bütün dünyaya nümunə göstərdiyini söyləyə bilərəm.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyində bu sahədə həyata keçirilən çoxtərəfli fəaliyyət, o cümlədən ətraf mühitin sağlamlaşdırılması, yaşıllığın qorunması, onun artırılması, suya qənaət və suyun hədəflər üzrə istifadəsi üzrə yeni təşəbbüslər özünü göstərməkdədir.

Suyu səmərəli istifadə etməklə bağlı işlər görülüb: "Hüquqların qorunması üçün cəmiyyət hər tərəfli səfərbər olmalı, bütün imkanları birləşdirib həm ehtiyacların ödənməsinə, həm də gələcək nəsillər üçün lazım olan hədəflərə yönəlik istifadəsinə imkan verməlidir.

Bir qayda olaraq ilkin vaxtdan suyu toplamaq, onu saxlamaq, qənaət etmək nəyəsə görə qadınların üzərinə qoyulub. Adətən çiynində səhəng bulaqdan su gətirən xanımların hansı ağır yük altında olduğunu düşünmədən onun boyuna, gözəlliyinə və bulağa getməsinə şeirlər qoşulub. Zaman dəyişib, inkişaf öz diktəsini edir. Azərbaycanda, dünyada həm suya münasibət, həm də qadının su ilə yanaşı inkişafına münasibət dəyişməlidir".

Daha sonra çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib ki, su ehtiyatlarına əlçatanlıq mahiyyət etibarı ilə gender bərabərliyi ilə bağlıdır və bu məsələ həm insan hüquqları, həm də davamlı inkişafın təmin edilməsi üçün açardır: "Təmiz suya çıxış hələ də dünyada milyonlarla insan üçün problem olaraq qalır. Lakin daha az bilinən məsələ isə bu problemin qadınlara və qızlara qeyri-mütənasib şəkildə necə təsir etməsidir. Tarixən kənd yerlərində qadınlar və qızlar çox vaxt ailəyə su gətirmək məsuliyyəti daşıyırdılar. Bu gündəlik iş onların təhsil, məşğulluq və şəxsi inkişaf imkanlarını məhdudlaşdırdı ki, su toplamaq üçün sərf olunan vaxt və enerji onların iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılması üçün daha səmərəli istifadə oluna bilərdi. Genderə həssas su siyasətini təmin etməklə biz bu bərabərsizlikləri aradan qaldırmağa başlaya bilərik".

Konfrans çərçivəsində panel sessiya təşkil olunub. Panel sessiyada iqlim dəyişikliyinin qadınların həyatına təsiri, onların su ehtiyatlarının mühafizəsi və idarə edilməsində iştirakı, bu sahə ilə bağlı ixtisas seçiminə həvəsləndirilməsi, həmçinin kadr təyinatında gender balansının qorunması mövzularında müzakirələr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə