"İndi hər kəs özünü jurnalist hesab edir" - EKSPERT NARAZILIQ ETDİ

“İnformasiya texnologiyalarının sürətli inkişafı fonunda bütün dünya mediasında tendensiyalar dəyişib. İnsanlar yalnız sürətli xəbər əldə etmək arzusu var. Xəbər janrı medianı tamamilə ələ alıb. Halbuki əvvəlki dövrlərdə çoxsayda publisistik janrlar mövcud idi. Xəbərdən başqa müsahibə, reportaj, araşdırma, esse, felyeton, parodiya, təhlil tipli yazıların çəkisi bütün dünya mediasında azalıb. Amma Azərbaycan kimi əhalisi qəzet-jurnal oxumayan ölkələrdə faciəvi vəziyyət yaranıb. Ölkəmizdə gündəm yalnız internet resurslarından qısa xəbərlər formasında izlənilir. Uzun təhlil və araşdırmalar insanlar tərəfindən oxunmur. Hətta son zamanlar isə ümumiyyətlə bu cür yazılar oxucuya təqdim olunmur”. Bu sözləri SİA-ya açıqlamasında "TvPress" internet qəzetinin baş redaktoru Elçin Bayramlı deyib.

O bildirib ki, media oxucuya xəbərlə yanaşı, hər hansı hadisənin geniş təhlilini, müəyyən problemlərlə bağlı araşdırmalar da verməlidir: “Bütün bunların nəticəsində isə artıq qəzetlər oxucusunu itirib və sıradan çıxmaq üzərədir.

Media peşəkar institutdur və artıq dağılır. Media bazarı rəqabəti fonunda da inkişaf yoxdur. Eyni zamanda oxucu reytinqi də çox aşağıdır. İndi hər kəs özünü jurnalist hesab edir, gördüyü hadisəni çəkib paylaşaraq xəbər verdiyini düşünür. Amma həmin xəbərin nə dərəcədə obyektiv, düzgün olması barədə nəsə demək olmur. Çünki həmin şəxslərin media məsuliyyəti yoxdur, sadəcə olaraq xəbər yaymaq işi ilə məşğuldurlar. Media isə yalnız doğru, təsdiqlənmiş xəbərləri yaymalı, oxucuya müxtəlif janrlarla maraqlı yazılar təqdim etməlidir. Ölkəmizdə media bazarında böyük xaos hökm sürür, həqiqi media ilə saxta media bilinmir. Məhz bu istiqamətdə xüsusi siyasət aparılmalıdır, çünki hazırda görülən işlər heç bir əhəmiyyət kəsb etmir”.

Bütün xəbərlər Facebook səhifəmizdə