Cənubi Qafqazı "NATO rejimi" altında salmaq niyyəti və QƏRBİN MƏQSƏDİ - TƏHLİL

Cənubi Qafqaz uğrunda, regionda özünə “yer etmək” uğrunda Qərb çox “canfəşanlıq” edir və davamlı şəkildə müdaxilələr etməyə can atdığı da göz önündədir. Qərbin məqsədinin bütün Cənubi Qafqazı “NATO rejimi” altına keçirmək və regionu NATO müttəfiqinə çevirmək olduğu da artıq heç kim üçün gizli deyil. Hətta erməni cəmiyyəti belə özünün havadarı sandığı, hər an sığınmaq belə istədiyi Qərbin məqsədini başa düşərək narahatlıq keçirir və bu narahatlıq Ermənistana məxsus mətbuat səhifələrində də müşahidə edilir.

Qərbi regiona dəvət edənlər belə təşviş içindədirlər və onların ifadələri narahat oldularını təsdiq edir

Bir çox erməni siyasətçilər belə həyəcan təbili çalırlar ki, Qərbin məqsədi Cənubi Qafqazı “NATO rejimi” altına keçirməkdir və regionu NATO müttəfiqinə çevirmək üçün Ermənistandan alət olaraq istifadə olunur. Hətta qeyd olunur ki, Ermənistanın özü də Qərbin oyunlarına alət olmağı qəbul edir və eyni zamanda Qərbin planlarının hansısa ad altında keçirilməsi də müşahidə edilir. “Rusiyanın reaksiyasından qorxaraq, bu hərəkətlər regionun Avropa İttifaqı ilə yaxınlaşması adı altında həyata keçirilməkdədir. Bu baxımdan Avropa müşahidə missiyasının tətbiqi tamamilə təsadüfi deyil. Əvvəlcə bu missiyanın sülhməramlılar rolunu oynayacağı nəzərdə tutulurdu, lakin Azərbaycanın reaksiyası və proseslərin Qərbin hazırladığı planlara uyğun gəlməyən ssenari üzrə gedişi məsələnin mülki formada müvəqqəti həllinə vadar etdi. Buna baxmayaraq, biz görürük ki, missiyanın tərkibi artır, funksiyaları genişlənir. Bundan əlavə, hazırda kəşfiyyat sahəsi olan Ermənistan tamamilə Qərb sisteminin təsiri altındadır və Ermənistan Müdafiə Nazirliyi sisteminə ABŞ nümayəndəsi belə daxil edilib. Mən hətta NATO təlimlərində iştirakın artırılması yolu ilə NATO standartlarına mərhələli keçid prosesindən danışmıram”, deyə Beşinci Kanalın efirində bildirən fövqəladə və səlahiyyətli səfir Cyunik Ağacanyan əslində, bir həyəcan təbili çalıb.

Müharibənin belə Qərbin Cənubi Qafqaza burun soxması səbəbindən baş verdiyini deməklə, bundan sonra da, yəni bu gedişlə yenə də müharibə təhlükəsini diqqətə çatdıran Ağacanyan erməni dövlətçiliyinin mövcudluğunun belə sual altında olduğunu bildirir. O, hazırkı hakimiyyəti eləcə də Qərbə üz tutanları, sığınanları günahlandırır və açıq şəkildə bildirir ki, hər hansı bir Qərb strukturunun himayəsi altına keçmək ideyası ermənilərin qarşılaşdıqları itkilərə və təhdidlərə haqq qazandıra, eləcə də uğursuzluqları, yanlışlıqları əsaslandıra bilməz. Hətta açıq şəkildə qeyd edir ki, Ermənistanın nələrlə, daha doğrusu hansı nəticələrlə qarşılaşa biləciyini belə ABŞ gizlətmir.

Digər bir erməni siyasətçi, politoloq Sergey Melkonyan isə öz Teleqram kanalında NATO və regionun digər ölkəsi olan Azərbaycanla əməkdaşlığın intensivləşdirilməsi məsələsinə toxunub. O, bu ilin oktyabr ayının cəmi dörd günü ərzində Azərbaycan və NATO nümayəndələri arasında iki yüksək səviyyəli görüş keçirildiyini qeyd edərək həyəcanını və narahatlığını da gizlətməyib. “Oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vəliyev NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru Adamçak ilə görüşüb. NATO zabitləri Azərbaycan hərbçilərinə təlim keçməyə davam edəcək, Bakının özü isə NATO ilə hərbi əməkdaşlığı inkişaf etdirəcək. Cəmi dörd gün əvvəl, oktyabrın 5-də Azərbaycanın NATO-dakı nümayəndə heyətinin rəhbəri Hüseynzadə alyansın nümayəndələri ilə görüş keçirib. Tərəflər Azərbaycan-NATO tərəfdaşlığının perspektivlərini müzakirə ediblər”, sözlərini politoloq Sergey Melkonyan öz Teleqram kanalında yazır.

Görünən odur ki, Qərbi regiona dəvət edənlər belə təşviş içindədirlər və onların ifadələri narahat oldularını təsdiq edir. Təsdiq edir ki, haylar içərisində azca da olsa ağlı başında olanları Qərbin müdaxiləsinin müsbət nəticələr verməyəcəyini dərk edirlər. Əslində, niyə də dərk etməməlidirlər axı? Axı Qərbi regiona soxmağa çalışan hayların hamısı bu həqiqəti dərk etməli idilər. Ən azından Gürcüstan nümunəsi bir örnək, bir dərs olmalı idi haylar üçün. Haylar görməli idilər Gürcüstanda baş verənləri və aralarında bəziləri elə həmin Gürcüstan nümunəsini gördükləri üçün belə həyəcan təbili çalırlar. Hər halda Saakaşvili ilə bağlı reallıqlar da ermənilər üçün sirr deyil. Onu guya Qərbin dəstəklədiyi də haylara bəllidir və indi həmin dəstəyin olmadığını da görürlər. Görürlər ki, bir zamanlar öz oyunları üçün nəinki Saakaşvilini, bütövlükdə Gürcüstanı alət edən Qərb indi Saakaşvilini də, onun ölkəsinin düşdüyü durumu da hesaba almır. Qərbin bir zamanlar guya dəstəklədiyi Saakaşvili zindanda acınacaqlı durumdadır, amma bunu guya heç görən də yoxdur. Niyə indi Saakaşvili dəstəklənmir? Niyə Gürcüstan Qərbin dəstəyini görmür? Çünki artıq istifadə edilən edilib və bundan sonrası Qərb üçün maraqlı da deyil. Bax elə bu reallıqları və bu həqiqətləri görənlər həyəcan təbili çalırlar.

Qərb Cənubi Qafqaz naminə, sülh, təhlükəsizlik üçün çalışmır və tamamilə başqa niyyətlər, başqa məqsədlər üçün planlar qurulur

Görünən odur ki, Cənubi Qafqaz barədə Qərbin xüsusi planları var və regionu “NATO rejimi” altına salmaq niyyəti də aydın olur. Aydın olur ki, Qərb heç də Cənubi Qafqaz naminə, sülh, təhlükəsizlik üçün çalışmır və tamamilə başqa niyyətlər, başqa məqsədlər üçün planlar qurulur. Əgər həqiqətən də Qərb üçün Cənubi Qafqazın təhlükəsizliyi, yaxud regionda sülhün, əmin-amanlığın bərqərar olunması maraqlı olsa idi, o zaman Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqların ən azından tərəfdarı olardı. Amma biz bunu müşahidə etmiriksə və əksini görürüksə, deməli, Qərbin daha başqa niyyəti, tamamilə başqa məqsədi var. Təbii ki, bu coğrafiyada, yəni regionda yaşayanlar, məskunlaşanlar üçün Qərbin niyyətinin və məqsədinin nə olduğu olduqca maraqlıdır. Həqiqətən də maraqlıdır, görəsən, Qərbin əsl niyyəti və əsl məqsədi nədən ibarətdir?

Qərb indi Rusiya ilə Ukrayna arasında olan müharibəyə görə Kremlin başının qarışdığı qənaətindədir və buna görə də daha aktiv şəkildə regiona müdaxilə etmək niyyətindədir. Sözsüz ki, Qərb elə hesab edir ki, Moskva daha çox Ukrayna məsələsi ilə məşğuldur və Cənubi Qafqazı unudub, amma bərk yanılır. Yanıldığını da artıq hiss edir və başa düşür. Başa düşür ki, Rusiya heç bir halda Cənubi Qafqazı ələlxüsus Qərbə bağışlamaq niyyətində ola bilməz. Qərb görür ki, Kreml üçün də ermənilər bir alət hesab olunur və region uğrunda mübarizədə Rusiya da Ermənistandan istifadə edir, özü də digərlərindən daha mütəmadi şəkildə bunu edir. Qərb onu da bilir ki, haylar hər zaman rusların aləti olub və regionda yerləşdirilmələri də məhz rusların sayəsində reallaşıb. Üstəlik, hal-hazırda mövcudluqlarının belə Rusiyanın əlində olması faktını da Qərb çox yaxşı başa düşür və qəbul da edir. Onu da qəbul edir ki, Kremlin Ermənistanda çox ciddi təsir imkanları, İrəvanı alt-üst etmək üçün belə rıçaqları da var. İndi “beşinci kolon” kimi tanınanların məhz Rusiyaya “işlədikləri” qənaətində olanlar arasında Qərb siyasətçiləri də az deyil. Daha dəqiq desək, Ermənistanın məhz Moskvanın əl oyuncağı, marionet olduğu belə Qərb üçün sirr deyil. Deməli, “Rusiyanın reaksiyasından qorxaraq, bu hərəkətlər regionun Avropa İttifaqı ilə yaxınlaşması adı altında həyata keçirilməkdədir”, deyən fövqəladə və səlahiyyətli səfir Cyunik Ağacanyanın nəyə eyham vurduğu bəlli olur. Bəlli olur ki, Qərb məhz Rusiyanın Ermənistanı alət edərək regionda öz mövqeyini qoruduğunu başa düşür və hətta bundan ehtiyat edərək, qorxaraq regiona soxulmaq üçün bəhanə axtarır və müxtəlif adlar altında girməyə çalışır. Bunu artıq ermənilər özləri də başa düşməyə başlayıblarsa, deməli, reallıqlar tam çılpaqlığı ilə ortaya çıxmaqdadır və niyyətin, məqsədin çirkin olmayacağına zərrə qədər də ümid yeri qalmır. Görünən odur ki, Qərbin niyyəti Cənubi Qafqazı “NATO rejimi” altına salmaqdır və məqsəd də regiona soxulmaq, özünə yer etməkdir.

Cənubi Qafqazla bağlı çirkin niyyətlərin və hansısa məqsədin reallaşması xam xəyallardır

Qərbin regionu “NATO rejimi” altına salmaq niyyətinin, eləcə də Cənubi Qafqaza soxulmaq kimi bir məqsədinin olması heç də o demək deyil ki, kimlərinsə arzularının çin olmasına imkan veriləcək. Bəli, Ermənistan Qərb üçün alət hesab oluna bilər. Ola bilsin ki, hələ bundan sonra da rəsmi İrəvan Qərbin marioneti kimi oynadılar və hansısa istiqamətə yönləndirilər. Hətta erməni baş nazir Nikol Paşinyan belə bir marionet kimi Qərbin oyuncağı olaraq, ölkəsinə rəhbərlik edə, diqtə olunanları reallaşdırmağa çalışa bilər. Amma onun timsalında bütün marionetlər həmin yanlışlıq istiqamətində yalnız çalışar, onu reallaşdıra bilməz. Çünki regionun Azərbaycan kimi lider dövləti və həmin dövlətin də cənab İlham Əliyev kimi qətiyyətli, siyasi iradəyə və diplomatik uzaqgörənliyə sahib olan Prezidenti, lideri var. Heç bir halda regionun müqəddəratı bir neçə əldəqayırma erməni siyasətçisinin marionet kimi özünü aparmasına, alət olaraq meydana atılmasına qurban verilməyəcək.

İndi artıq haylar özləri də başa düşürlər ki, onları idarə etmək, regionda mövqe əldə etmək üçün onların özlərindən istifadə edirlər və artıq alətə çevrilmələri fonunda xilas olmaları üçün Azərbaycan kimi qüdrətli bir dövlətə bərk ehtiyacları var. Həqiqətən də belədir və regionda söz sahibi olan Azərbaycan elə bir qüdrətə, elə bir potensiala malikdir ki, hansısa ölkə, bütövlükdə Qərb regionun taleyi ilə bağlı qərar qəbul edə bilməz. Bu gün Azərbaycanın uğurlarına qarşı Qərbin dözümsüzlük nümayiş etdirməsi də təsadüfi deyil və məhz qeyd olunanlara görədir. Məhz USAİD, NED kimi qurumların, təşkilatların əli ilə ölkəmizə soxulmaq niyyəti də bundan qaynaqlanır və Azərbaycana təsir etmək, təzyiq göstərmək, hətta təhdid belə niyyətinə düşmək də bu baxımdan təsadüfi və səbəbsiz deyil. Amma Qərb görür ki, rəsmi Bakı onların bütün planlarını alt-üst etməyə qadirdir və dəfələrlə həmin planların qarşısının alınması təsdiq edir ki, Azərbaycana təsir və təzyiq, eləcə də təhdid cəhdləri nəticəsiz qalacaq, mənasız olduğu üçün də nəyə isə ümid etməyə də dəyməz. İndi həmin rakursdan, həmin prizmadan baxdıqda görürük və əmin oluruq ki, Cənubi Qafqazla bağlı çirkin niyyətlərin və hansısa məqsədin reallaşması sadəcə olaraq xam xəyallardır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə