Argentinada Azərbaycanın COP29-la bağlı yanaşmasına tam dəstək...

Argentina Respublikasının Misiones vilayətinin paytaxtı Posadas şəhərində “Pre COP29 Argentina” adlı tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Argentinanın müxtəlif vilayətlərinin dövlət rəsmiləri, Argentina Senatının üzvləri, Cənubi Amerika regionunda yerləşən digər ölkələrin təmsilçiləri, ətraf mühitin qorunması üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının rəhbərləri və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov Bakı şəhərində keçiriləcək COP29-a hazırlıq işləri, onun əsas məqsədləri, COP29 Sədrliyi tərəfindən irəli sürülmüş təşəbbüslər, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, eləcə də ölkəmizdə həyata keçirilən yaşıl və bərpaolunan enerji layihələri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirin yekununda Argentina Respublikasının altı vilayətinin ətraf mühit və iqlim dəyişikliyi üzrə nazirləri tərəfindən “Posadas Bəyannaməsi” imzalanaraq qəbul edilib. Bəyannamədə Azərbaycanın COP29-la bağlı yanaşmasına tam dəstək ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə