“Zəngilan şəhər gününün qeyd olunması qəlbimizi fərəh hissi ilə doldurur” - QULU MƏHƏRRƏMLİ

“44 günlük Vətən müharibəsində zəfər çalmaq ənənəmizin ən parlaq səhifələrindən biri də Araz çayı istiqamətində yaşayış məntəqələrimizin işğaldan azad olunması, o cümlədən Zəngilanın erməni işğalçılarından təmizlənməsidir. Bu təkcə zəngilanlıların deyil, bütün Azərbaycan vətəndaşlarının ürəyincə olan qələbə idi. Həmin gün, oktyabrın 20-si Zəngilanın şəhər günü elan olunması da bizə qürur doğuran günlərdən qalan sədadır”. Bu sözləri SİA-ya açıqlamasında teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyib.

O bildirib ki, bu gün artıq işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir: “Həmçinin Zəngilanda da tikinti-abadlıq işləri görülür, ağıllı kənd layihəsi tətbiq olunub, artıq insanların yaşayışı təmin edilib.
Zəngilan Azərbaycanın ən dilbər guşələrindən biridir. Zəngilanın gözəl təbiəti, qeyri-adi landşaftı, dünyada ikinci böyük çinarlıq sahəsi də məhz buradadır. Qədim mədəniyyət abidələri, əkin yerləri, meşə zolaqları və rayon ərazisindən keçən üç çay da Zəngilanın mühüm xüsusiyyətlərindəndir. Zəngilan şəhər gününün qeyd olunması isə Zəngilanın tarixi, bu günü, onun yetişdirdiyi insanlar haqqında bilgilər verir. Bu səbəbdən də bu günün xüsusi olaraq qeyd olunması hər birimizin qəlbini fərəh hissi ilə doldurur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə