“Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” - YENİLƏNİB - FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransı öz işinə başlayıb. SİA xəbər verir ki, ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyətin müzakirə olunması, qarşıya çıxan problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil edilən konfransda dövlət orqanlarının rəhbər şəxsləri, elm adamları, ziyalılar, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması barədə danışıb. Bildirib ki, din dəyərlər sistemi olaraq, cəmiyyətin mənəvi inkişafında və ictimai vəhdətin təminində mühüm rol oynayır. Bununla yanaşı, dinin səhv interpretasiyası milli-mənəvi birliyə aparmır, əksinə, ictimai bölünməyə gətirib çıxarır. Dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasir dövrün reallıqları da nəzərə alınıb cəmiyyətə çatdırılmalıdır. Dini təhsilin düzgün aşılanması dinin özünü təhriflərdən qoruyur, milli-mənəvi vəhdətin təmin edilməsinə töhfə verib, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır. Dini təhsilin müxtəlif modellərinin mövcud olduğunu vurğulayan rektor Azərbaycan İlahiyyat İnstitutunda və onun yanında fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində din tədrisinin din haqqında və dindən öyrənmə modellərinə uyğun şəkildə aparıldığını deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında qeyd edib ki, müasir dövrdə cəmiyyət xurafatın və mifologiyanın təlqin etdiyi tezislər əsasında deyil, elmi-texniki nailiyyətlər, tədqiqatlar, araşdırmalar əsasında əldə olunmuş nəticələrlə idarə olunur. Komitə sədri bildirib ki, dini öyənmək üçün xüsusi maraq lazımdırsa, öyrətmək üçün dərin biliyə, erudisiyaya, eyni zamanda elmi məntiqə malik olmaq vacibdir. Dini təhsilin əhəmiyyətini artıran, onun müasir dövrümüzdə yeni dini təhsil modelləri axtarışını zəruri edən amillərdən biri də məhz bundan ibarətdir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin yaradılması da məhz bu məqsədə xidmət edir.

Ramin Məmmədov əlavə edib ki, ölkəmiz dünyada dövlət-din münasibətləri modelinin ən yaxşı nümunələrindən birini yaratmağa müvəffəq olub. Komitə sədri dini təhsilin uğurlu modellərindən birinin məhz multikulturalizmin, tolerantlıq ənənələrinin həyat tərzinə çevrildiyi Azərbaycanda yaradıla biləcəyinə əminliyini ifadə edib.

Elm və təhsil naziri Emin Əmrullayev keçirilən konsfransın aktuallığından bəhs edərək bildirib ki, konkret sahə üzrə ixtisaslaşmış İnstitutların rəy və təklifləri Azərbaycan təhsili üçün olduqca əhəmiyyətlidir. Təhsil bir neçə pillədən ibarətdir və əsas məsələ dini təhsilin bu pillələrdə öz əksini necə tapmasıdır. Nazir qeyd edib ki, Azərbaycan vətəndaşlarına ayrı-ayrı dinlər barədə biliklər Həyat bilgisi fənni ilə ötürülür.

Din adı altında zərərli biliklərin şagirdlərə aşılanmamasına xüsusi diqqət göstərildiyini deyən E.Əmrullayev əlavə edib ki, bu prosesdə valideynlər və ümumilikdə bütün ictimaiyyət fəal olmalıdır. Dini təhsil istiqamətində kadr hazırlığı və elmi tədqiqat məsələlərinə də toxunan nazir din, eləcə də ilahiyyat sahələrində araşdırmaların aparılmasına, məqalələrin yazılmasına ehtiyac olduğunu vurğulayıb.

Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov ölkəmizdə dini təhsilin formasına və hazırkı vəziyyətinə diqqət çəkib. Anar İsgəndərov Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin dövlət-din münasibətlərinin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında böyük rolu olacağını bildirib. Eyni zamanda, dini təhsil məsələlərində məzmun dəyişikliyinə və yeni modellərə ehtiyac olduğunu deyib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini Sahib Alıyev dini təhsilin balanslı şəkildə aparılmasının önəmi barədə danışıb. Qeyd edib ki, bu prosesin daha sağlam olması üçün auditoriyalarda elm və din mövzusunda çoxsaylı debatlar keçirilməli, cəmiyyət maarifləndirilməlidir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov din təhsilinə geniş çərçivədə baxılmasının tərəfdarı olduğunu, yalnız teoloji aspektdən deyil, sosioloji, fəlsəfi baxımdan da araşdırmanın vacibliyini diqqətə çatdırıb. Dini təhsilin rəqəmsallaşma ilə uyğunlaşmasının önəmini qeyd edən icraçı direktor, ideoloji və informasiya təhlükəsizliyinin balanslı şəkildə aparılmasının müasir çağırışlar və dini təhsilin birliyi sayəsində güclənə biləcəyini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev müasir dövrdə dinin tədrisinin əhəmiyyətini qeyd edərək, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, elm öyrənmək, təhsil almaq İslam dininin ən vacib tələblərindəndir.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev bütün səmavi dinlərin əsasının etibarlı mənbələrdən öyrənilməsinin vacib məqam olması barədə fikirlərini bölüşüb.

Elmi-praktik konfrans işini panellərlə davam etdirir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə