Prezident seçkiləri üçün səsvermə prosesi Corciya əyalətində başlayıb

Yerli saatla 09:00-da başlayan erkən səsvermə prosesi 5 noyabra qədər davam edəcək

Amerika Birləşmiş Ştatlarında 5 noyabrda keçiriləcək prezident seçkiləri üçün ilk səsvermə prosesi Corciya ştatında başlayıb. Yerli vaxtla saat 09:00-da başlayan erkən səsvermə prosesi 5 noyabra qədər davam edəcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Həlledici ştatlardan olan Corciyada bu vaxta qədər 180 mindən çox insan səs verib. Günün sonunda bu rəqəmin 200 mini keçəcəyi gözlənilir.

Ölkədə 2020-də keçirilən seçkilərdən sonra ştat qanunlarındakı dəyişikliklərlə səsvermə məntəqələrinin sayı azalıb. Əvvəllər 7 gün 24 saat açıq olan məntəqələr yalnız müəyyən saatlarda səsvermə üçün uyğun olacaq.

Corciyada seçki nəticələrinin sürətlə açıqlana bilməsi üçün də dəyişikliklər edilib. Bölgələrin nəticələri seçki günü axşamı yerli saatla 20:00-da müntəzəm aralıqlarla açıqlanmalıdır. Ştat rəsmiləri sürətli, ədalətli və şəffaf nəticələr əldə etməyi planlaşdırır. Demokratlar və onların seçki müşahidəçiləri isə bu yeni qaydaların nəticələrə etiraz etmək istəyən şəxslər tərəfindən sui-istifadə edilə biləcəyindən narahatdırlar.

Digər tərəfdən cümə axşamı günü səhər saatları etibarilə Şimali Karolinada da səsvermə prosesinin başlaması gözlənilir.

Qeyd edək ki, ABŞ-da prezidentlik uğrunda Respublikaçıların namizədi Donald Tramp ilə Demokratların namizədi Kamala Harris mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə