Deepfake qurbanları saxta videolarla bağlı hansı sübutları toplamalıdır? - TEXNOLOQ DANIŞDI

Deepfake qurbanları saxta videolarla bağlı hansı sübutları toplamalıdır? - TEXNOLOQ DANIŞDI

"Deepfake məsələsi artıq təkcə texnologiya mövzusu deyil, birbaşa insan hüquqları və reputasiya məsələsidir. Əgər kiminsə üzü, səsi və adı süni intellekt vasitəsilə istifadə olunursa və həmin şəxs heç vaxt demədiyi sözləri deyirmiş kimi göstərilirsə, bu, çox ciddi nəticələr yarada bilər".

Bunu SİA-ya açıqlamasında texnoloq Elvin Həsənov deyib.

Onun sözlərinə görə, əgər həmin video sosial şəbəkədə sürətlə yayılırsa, zərər bir neçə saat ərzində arta bilər:

"Belə halda zərərçəkən şəxsin ilk işi sübutları toplamaq olmalıdır. Videonun linki, ekran görüntüləri, paylaşan hesabın adı, tarix, baxış və paylaşım sayı saxlanılmalıdır. Çünki sabah video silinsə belə, onun yayıldığını sübut etmək lazım gələcək.

Daha sonra həmin platformaya şikayət edilməli və videonun saxta olduğu, şəxsin görüntüsündən icazəsiz istifadə edildiyi bildirilməlidir. Amma təkcə sosial şəbəkədə şikayət etməklə kifayətlənmək olmaz. Əgər video şəxsin nüfuzuna zərər vurubsa, onun adından dələduzluq edilibsə, pul toplanıbsa və ya şəxsi məlumatlarından istifadə olunubsa, artıq hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.

Məncə, ən vacib məqam budur ki, deepfake videoya sadəcə saxta video kimi baxmaq olmaz. Paylaşılan materialın kimin adından yayıldığı, hansı məqsədlə hazırlandığı və nə qədər zərər vurduğu hüquqi qiymətləndirməyə də təsir edir. Bəzi hallarda məsələ reputasiya zərəri ilə məhdudlaşa bilər, bəzi hallarda isə dələduzluq, şəxsi məlumatlardan qanunsuz istifadə və digər hüquq pozuntuları ortaya çıxa bilər".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə