Qlobal istiləşmənin intensivləşməsi və hava hadisələri araşdırılıb
Elm adamları insan mənşəli iqlim dəyişikliyinin son 20 ildəki şiddətli hava hadisələrinin intensivliyini artırdığını müəyyən ediblər.
SİA xəbər verir ki, “BBC” xəbər agentliyinin yazısına görə, London İmperiya Kolleci (Imperial College London) “World Weather Attribution (WWA)” təşkilatından olan tədqiqatçıların apardığı araşdırmada şiddətli hava şəraitinin iqlim dəyişikliyi ilə əlaqəsi araşdırılıb. Son 20 ilin ən şiddətli 10 hava hadisəsinə dair məlumatlar yenidən araşdırılarkən Somalidə minlərlə insana təsir edən quraqlıq və Fransada 3 mindən çox insanın ölümünə səbəb olan isti dalğaları kimi hadisələrə diqqət yetirilib. Onlar araşdırmanın nəticəsində bu hava hadisələrinin insan mənşəli iqlim dəyişikliyi səbəbilə daha intensiv və mümkün hala gəldiyini müəyyən ediblər.
London İmperiya Kollecinin Qrentham İnstitutu İqlim dəyişikliyi və ətraf mühit bölməsindən İqlim elmi üzrə Baş müəllim Fredrik Otto (Friederike Otto) "Bu araşdırma dünyanı isidən və həyatları məhv edən qalıq yanacaqlara bağlı qalmağa davam edən siyasi liderlər üçün bir mesaj olmalıdır" ifadəsini işlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə