Satış ümumi mənada Putinlə razılaşdırılıb

Putin “Yandex”in rusiyalı milyarderlər konsorsiumu arasında bölünməsini təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin Rusiyanın internet nəhəngi “Yandex”in hazırkı sahiblərindən alıcılarının siyahısını təsdiqləyib. Şirkət milyarderlər Vladimir Potanin, Aleksey Mordaşov, Vaqit Ələkbərov və VTB dövlət bankı arasında bölünəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Meduza” və “The Bell” anonim mənbələrə istinadən xəbər verir.

Nəşrlərin yazdığına görə, potensial alıcıların siyahısını prezidentə mayın 17-də “Yandex”in korporativ inkişaf üzrə müşaviri Aleksey Kudrin təqdim edib. Gələn həftə konsorsium üzvlərinin tərkibi, onların payları və sövdələşmənin məbləği Dubayda “Yandex”in Direktorlar Şurasında müzakirə olunacaq. Bundan sonra satınalma şirkətin səhmdarları tərəfindən təsdiqlənməlidir.

Bu arada “The Bell”in məlumatına görə, axtarış sistemi maksimum 7,6 milyard dollara satıla bilər. Xatırladaq ki, müharibədən əvvəl onun qiyməti təxminən 30 milyarda çatmışdı.

Maraqlıdır ki, satışın “ümumi mənada” Putinlə razılaşdırıldığı deyilir. Güman ki, Yandex-in Rusiya hissəsindəki nəzarət paketi bütün iştirakçılar arasında təxminən bərabər bölünəcək. Danışıqların təfərrüatları ilə tanış olan üç həmsöhbət etiraf edir ki, səhmdarların tərkibi hələ də dəyişdirilə bilər. Sövdələşmənin mümkün iştirakçılarından və Kremlin sözçüsündən heç biri nəşrlərin suallarına mənalı cavab verməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə