Kiberbiznes, kölgə iqtisadiyyatı…

Kiberbiznes, kölgə iqtisadiyyatı…

‪Son zamanlar Yüksək Texnologiyalar və İnformasiya Cəmiyyətlərində baş verən inqilabi dəyişikliklər bu sferada texnoloji tərəqqini daha da tətikləmiş, internetin inkişafı sürətlə təşəkkül tapmış, sahibkarlıq fəaliyyətlərində yeni iqtisadi model - elektron ticarət və kiberbiznes işləmlərini əsas gündəm etmişdir.

Burada kiberbiznes və eləcə də elektron ticarət iqtisadiyyatın bütün sahələrini əhatə etmiş, onun elektronlaşan hissəsini rəqəmsal transformasiya yolu ilə daha da dərinləşdirmişdir.

‪Bununla da elektron ticarət elektron informasiya mübadiləsini, kapitalın elektron hərəkətini, elektron pulları və eləcə də dijital valyutaları, e-bankinqi, e-sığortanı və virtual məkanda elektron idman-mərç oyunlarını özündə birləşdirərək rəqəmsal iqtisadiyyatı ortaya çıxartmışdır.

‪Get-gedə virtuallaşan məkanda ağıllı internet platformaları üzərində sahibkarlar və alıcılar artıq vaxt sərf etmədən yeni “tələb və təklif”ə uyğun arzu olunan məhsul və elektron xidmətləri əldə etmək imkanı qazanmışlar.

Həmçinin elektron ticarət “on-line” və “off-line olmaqla virtual biznes şəklində geniş yayılmış, o cümlədən elektron ticarətin yaratdığı ağıllı platformaların yeni imkanlarından istifadə edilərək gündəlik təlabat mallarından tutmuş, geyim və digər əşyaların alınması və eləcə də elektron xidmətlərin göstərilməsi daha da aktuallaşmışdır.

‪Ölkəmizə gəlincə, dövlət rəsmi statistika gpstəricilərinə əsasən elektron ticarətin həcmi və onun ümumü vergi daxilolmalarında xüsusi çəkisi əhəmiyyətli dərəcədə deyildir. Bu sahədə arzu olunan kimi dəqiq uçotun qurulması və eləcə də elektron ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin stimullaşdırılması nəzərə çarpacaq səviyyədə görünmür.

Belə ki, elektron xidmətlərin göstərilməsində stimullaşdırıcı yanaşmalar, vergiyə cəlb etmə üsul və diferensial metodları sahə üzrə hələ də həlli vacib aktual məsələlərdəndir.

Bununla da bütövlükdə virtual biznesdən əldə olunan gəlirlərin ÜDM’də xüsusi çəkisi və onun rəqəmlərlə ifadəsi iqtisadiyyatın dirçəlməsində milyonlarla ifadə olunacaq yeni vəsaitləri əsaslı kapital kimi gündəmə gətirmiş olardı...

‪Beləliklə ağıllı internet platformaları üzərində formalaşan virtual məkanda kiberbiznes və aktiv elektron tlcarət işləmlərinin geniş təşviq olunması, vergi uçotunun yeni çağın, yeni “tələb və təklif”ləri əsasıbda qurulması, bu sferada şəffaflığın daha da artırılması, vergitutma bazasının genişləndirilməsi və eləcə də yeni kiber sahibkarlıq fəaliyyətlərinin stimullaşdırılması əsas və aktual prioritetlər sırasına daxil olmalıdır.

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun direktorunun birinci müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert,
YAP Xətai rayon təşkilatının "Rahim Memmedov 25" ünvanı üzrə ərazi partiya təşkilatı sədrinin müavini

Bütün xəbərlər Facebook səhifəmizdə