Azərbaycan GISEC Qlobal Kibertəhlükəsizlik Konfransında iştirak edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərində keçirilmiş GISEC Qlobal Kibertəhlükəsizlik Konfransında iştirak edib.

SİA Dövlət Xidmətinə istinadən xəbər verir ki, tədbirdə qurumun idarə rəisi Tural Məmmədov “İnformasiya təhlükəsizliyinin təkamülü – saxta domenlərin monitorinqi” təqdimati ilə çıxış edib.

Təqdimatda informasiya təhlükəsizliyinin təmin edilməsi üçün texnologiya, üsul və vasitələrin keçdiyi təkamül yolu, Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT) saxta domen təhdidləri ilə mübarizə təcrübəsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin davamında Azərbaycan nümayəndəsi “Kiberməkan və geopolitika: Kiberrisklərin azaldılmasına sistematik yanaşma” mövzulu panel müzakirəsində iştirak edib.

Ümumilikdə 120 ölkədən 500-dən çox kibertəhlükəsizlik şirkətinin iştirak etdiyi konfransda Dövlət Xidmətinin nümayəndə heyəti sahə üzrə müxtəlif məlumat və məruzələrlə tanış olub, aparıcı şirkətlərin nümayəndələri ilə görüşlər keçirib, yeni texnoloji həllərin tətbiqi istiqamətləri ilə bağlı müzakirələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə