Azərbaycan idmançıları bu gün 4 növdə mübarizə aparacaqlar - İslamiada

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün 4 idman növündə çıxış edəcəklər. SİA xəbər verir ki, idmançılarımız yunan-Roma güləşi, atletika, qılıncoynatma və 3x3 basketbol üzrə qüvvələrini sınayacaqlar.

Əvvəlcə güləşçilər mübarizəyə qoşulacaqlar. Nihat Məmmədli (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) xalça üzərinə çıxacaqlar. Güləş yarışları Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Daha sonra paraatlet Samir Nəbiyev (F57) disk atma növündə medal qazanmağa çalışacaq.

Qılıncoynadanlar Aynur Quliyeva və Nəzrin Mehdiyeva şpaqa növü üzrə mübarizə aparacaqlar.

Azərbaycanın 3x3 basketbol millisi qrup mərhələsində 3-cü oyununu keçirəcək. Rəqib Kot-d'İvuar yığması olacaq.

Nazim Babayev və Rüstəm Məmmədov üçtəkanla tullanmada, Lamiyə Vəliyeva 100 metr, Əlhəm Nağıyev 200 metr məsafəyə qaçışda, İsmayıl Əliyev isə nüvə itələmədə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə