"Azərbaycan-Fransa oyunu həm potensialı, həm də çətinlikləri üzə çıxardı" - BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ
"Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsinin son oyununda Fransa ilə qarşılaşması bir daha göstərdi ki, komandamız potensiala malik olsa da, bu potensialı tam şəkildə qoruyub saxlamaq və oyunun sonuna qədər eyni ritmlə davam etdirmək baxımından ciddi çatışmazlıqlar mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.
Onun sözlərinə görə, oyun çox yaxşı başladı və Renat Dadaşovun vurduğu erkən qol həm stadiondakı azarkeşlərə, həm də futbolçulara əlavə motivasiya verdi. Azərbaycan millisi tarixində ilk dəfə Fransanın qapısına yol tapmaqla böyük psixoloji baryeri aşmağı bacardı. Lakin komandamızın əsas problemi məhz üstünlüyü qoruyub saxlaya bilməməsidir: "Fransa kimi güclü bir rəqibə qarşı oynamaq böyük səviyyə, diqqət və fiziki davamlılıq tələb edir. İlk hissədə müdafiədə nizam-intizam qorunsa da, zaman keçdikcə həm fiziki yorğunluq, həm də oyun düşüncəsindəki qeyri-sabitlik özünü göstərməyə başladı. Rəqib yüksək temp, ardıcıl pressinq və fərdi ustalıq hesabına oyunun axarını dəyişməyi bacardı. Azərbaycan millisinin isə uyğunlaşma sürəti aşağı, əvəzləmələr isə gecikmiş görünürdü. Bu isə təzyiqin artmasına, müdafiə xəttinin dağılmasına və nəticədə qolların buraxılmasına səbəb oldu. Qrup mərhələsini xalsız başa vurmaq, sözsüz ki, milli komanda üçün arzuolunan nəticə deyil. Bu, daha çox sistemli işin çatışmazlığından, uzunmüddətli strategiyanın formalaşmamasından və futbolçuların beynəlxalq təcrübə baxımından geri qalmasından qaynaqlanır. Komandanın gəncləşdirilməsi, legioner oyunçularla rəqabətin artırılması və taktiki baxımdan modern futbola uyğunlaşma gələcək üçün əsas prioritetlər olmalıdır.
Bununla belə, Fransa kimi dünya səviyyəli bir komandanın qapısından qol keçirmək və oyunun müəyyən hissəsində üstünlük əldə etmək göstərir ki, düzgün hazırlıq, davamlı inkişaf və uzunmüddətli plan çərçivəsində Azərbaycan futbolu daha yaxşı nəticələr əldə edə bilər. Milli komanda həm fiziki hazırlığı gücləndirməli, həm də oyunun müxtəlif fazalarında sabitliyi qorumağı öyrənməlidir. Yalnız bu şəkildə biz gələcək seçmə mərhələlərdə real rəqabətə davamlı komanda görə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB