Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurublar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.

SİA xəbər verir ki, komandamızın heyətində Səidcəmşid Cəfərov (80 kq) çempion tituluna yiyələnib. O, bu gün keçirilən finalda Sultan Osmanlı (Türkiyə) ilə üz-üzə gəlib və rəqibini 4:1 (28:29, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edərək, Ər-Riyadda Azərbaycan Himnini səsləndirib.

Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib.

Boksçularımız VI İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurublar. Komandamızın heyətində bir gün öncə Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) bürünc mükafat qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə