Azərbaycanın futzal üzrə Yüksək və Birinci Liqalarında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
Futzal Federasiyasından SİA-ya bildirilib ki, Yüksək Liqada 6 komanda yarışacaq. Onlardan “Lənkəran” debütantdır. Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Ən çox xal toplayan komanda çempion elan olunacaq və növbəti mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək. Əsasnamədə edilən dəyişikliklərlə bağlı klub nümayəndələrinə məlumatlar verilib. Yeni mövsümdə Yüksək Liqada legionerlərlə bağlı limit tətbiq olunmayacaq. Komandalar iştirak ərizəsinə və oyunun protokoluna icazə verilən sayda əcnəbi futzalçının adını daxil edə biləcəklər. İlk turda ötən çempionatın qızıl və gümüş medalçıları üz-üzə gələcək.
Birinci Liqada isə 10 komanda iştirak edəcək. Bir dövrədən ibarət olacaq dairəvi sistemin sonunda ilk “4-lük”də qərarlaşan kollektivlər pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi 4-cü, 2-ci yerin sahibi isə 3-cü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. Yüksək Liqadan fərqli olaraq aşağı liqada legionerlərlə bağlı limit tətbiq ediləcək. Komandalar 4 həvəskar statuslu əcnəbini sifariş edə və oynada biləcəklər. Yüksək Liqaya sentyabrın 18-də, Birinci Liqaya isə oktyabrın 9-da start veriləcək.
Yüksək Liqa, I tur
18 sentyabr
U-19 – “Şuşa”
“Neftçi” İK – “Lənkəran”
“Baku Fire” – “Araz-Naxçıvan”
Birinci Liqa, I tur
9 oktyabr
“Baku Fire-2” – “STAR kargo”
“Atletiko Baku” – “Ulduz”
“Xan-Lənkəran” – “Trabzon-Azərbaycan”
“Dəstə Ordubad” – PFL
“Yeni Suraxanı” – “Timsport”
Bütün xəbərlər Facebook səhifəmizdə