Bakının gələn il mayın 24-28-də ev sahibliyi edəcəyi, beynəlxalq idman ictimaiyyətinin ən nüfuzlu müzakirə platformlarından biri olan – “SportAccord” Dünya İdman və Biznes Sammiti münasibətilə təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın beynəlxalq idman aləmində öz sözünü dediyini söyləyib. Onun sözlərinə görə, ölkəmizin ev sahibliyi etdiyi idman tədbirlərinin sayı ildən-ilə artır. Nazir növbəti illərdə də belə tədbirlərin keçiriləcəyini qeyd edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Sport Accord”un Bakıda keçirilməsinin çox sevindirici hal olduğunu diqqətə çatdırıb. Tədbirin əhəmiyyətindən bəhs edən MOK rəsmisi sammitdə idmanın gələcəyi haqqında maraqlı müzakirələrin aparıldığını vurğulayıb.
“SportAccord”un prezidenti Uğur Erdener isə dost və qardaş Azərbaycanda olmağdan məmnunluğunu ifadə edib. O, tədbirin uğurlu alınacağına inandığını bildirib.
Sonra Gənclər və İdman Nazirliyi, SportAccord və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında rəsmi müqavilə imzalanıb.
2003-cü ildə təsis edilən “SportAccord” bu gün həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini təmsil edən 120-dən çox beynəlxalq federasiyanı, Beynəlxalq Olimpiya Komitəsini və digər idman təşkilatlarını bir araya gətirən nüfuzlu qurumlardan biridir. Təşkilatın əsas məqsədi idmanın qlobal inkişafına dəstək vermək, idman qurumları arasında əməkdaşlığı gücləndirmək və idmanın sosial, iqtisadi və mədəni dəyərlərini dünyada təşviq etməkdir.
“SportAccord”un hər il keçirilən sammiti qlobal idman və biznes dairələrinin ən mötəbər tədbirlərindən biridir. Burada yüzlərlə beynəlxalq federasiya, təşkilat, sponsor və media nümayəndəsi bir araya gələrək idman dünyasının gələcəyini müzakirə edir, yeni tərəfdaşlıqlar qurur və qlobal şəbəkələşmə imkanlarından yararlanır. Sammit çərçivəsində konfranslar, sərgilər və ikitərəfli görüşlər təşkil edilir.
“SportAccord” həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini birləşdirən Dünya Döyüş Oyunları (World Combat Games), Dünya Zəka Oyunları (World Mind Games) və Dünya Urban Oyunlarını (World Urban Games) təşkil edir və bu tədbirlər 150-dən çox ölkədə tanınır.
Bakının 2026-cı ildə bu mötəbər sammitə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq idman və biznes dünyasında mövqeyini daha da möhkəmləndirəcək və ölkəmizi qlobal idman ictimaiyyətinin diqqət mərkəzinə çıxaracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə