""Formula 1"in Bakıda keçirilməsi idmançılar üçün böyük motivasiya yaradır" - İDMANÇI DANIŞDI

""Formula 1" yarışlarının Bakıda keçirilməsi idmançılar üçün çox böyük motivasiya mənbəyidir. İlk növbədə, bu, ölkəmizin idman infrastrukturunun və təşkilati bacarıqlarının yüksək səviyyədə olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında sabiq güləşçi Hacı Əliyev deyib.

Onun sözlərinə görə, dünyanın ən nüfuzlu idman tədbirlərindən birinin Azərbaycanda təşkil olunması yerli idmançılara beynəlxalq təcrübədən faydalanmaq imkanı yaradır: "Həmçinin "Formula 1"in Bakıya gətirdiyi beynəlxalq diqqət idmanın digər növlərinə də marağı artırır. Bu, həm azyaşlı idmançılar, həm də peşəkarlar üçün əlavə stimul yaradır. Çünki belə böyük turnirləri görən gənclər idmana daha həvəslə qoşulur, idmançılar isə öz üzərlərində daha çox işləməyə təşviq olunurlar. Bundan başqa, "Formula 1" yarışlarının ölkəmizdə keçirilməsi idmançılara milli qürur hissi də aşılayır. Çünki onlar anlayırlar ki, Azərbaycan artıq yalnız regional yox, həm də beynəlxalq idman məkanında tanınan bir mərkəzə çevrilib. Bu, hər bir idmançıya öz sahəsində daha böyük uğurlar əldə etmək üçün əlavə güc verir. "Formula 1" sadəcə avtomobil yarışı deyil, həm də idmançılar üçün motivasiya, yeni imkanlar və qlobal təcrübəyə açılan bir pəncərədir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə