"Müdafiədə diqqətli olmaq əsas şərtlərdəndir" - İDMANÇI DANIŞDI

"Bu gün keçiriləcək İslandiya - Azərbaycan oyunu həm milli komandamız, həm də ümumilikdə Azərbaycan futbolu üçün vacib sınaqlardan biridir. İslandiya futbolu son onillikdə ciddi inkişaf yolu keçib, xüsusən də Avropa və dünya çempionatlarında göstərdikləri oyunla diqqət çəkiblər. Onlar fiziki baxımdan çox güclü, intizamlı və meydanda sonadək mübarizə aparan komanda kimi tanınırlar". Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu, baş məşqçi Vaqif Cavadov deyib.

O Azərbaycan millisindən gözləntilərə gəldikdə isə hesab edir ki, komandamız doğru oyun planı quraraq İslandiya qarşısında layiqli nəticə əldə edə bilər: "Müdafiədə diqqətli olmaq, rəqibin standart vəziyyətlərdəki üstünlüyünü zərərsizləşdirmək əsas şərtlərdəndir. Çünki İslandiya komandası hündürboy futbolçuları ilə cərimə zərbələri və künc zərbələrində çox təhlükəli olur. Digər tərəfdən, bizim komandamızda sürətli hücumçular var və bu üstünlüyü əks-hücumlarda istifadə etmək mümkündür. Əgər topa nəzarəti tam ələ ala bilməsək belə, oyunda intizamı qoruyub fürsətləri dəyərləndirsək, ən azı bir xalla meydanı tərk etməyimiz realdır.

Ümumiyyətlə, belə oyunlarda nəticədən daha çox komandanın xarakter göstərməsi vacibdir. Mən futbolçu olduğum dövrlərdə dəfələrlə şahidi olmuşam ki, məhz xarakter və sonadək mübarizə oyunun taleyini dəyişir. Azərbaycan millisi də bu oyunda azarkeşləri sevindirəcək mübarizə nümayiş etdirə bilər. Əgər bütün gücümüzü ortaya qoysaq, istənilən nəticə - qələbə, heç-heçə də mümkündür. Ən əsası, komanda meydanda inamlı, mübariz və ruh yüksəkliyi ilə çıxış etməlidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə