Avarçəkmə üzrə Azərbaycan çempionatı başa çatıb

Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub. AKAF-dan SİA-ya verilən məlumata görə, avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıb. Yarışda fərqlənən avarçəkənlər sentyabrın 28-dən oktyabrın 8-dək ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar.

Xatırladaq ki, MDB Oyunlarında avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.

Bütün xəbərlər Facebook səhifəmizdə