Azərbaycan millisinin baş məşqçisi: Portuqaliya ilə matça yaxşı hazırlaşırıq

Belə böyük rəqiblərlə qarşılaşmaq futbolçularımızın gələcəyi üçün önəmlidir. SİA xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, Avropa çempionatının seçmə mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək oyunla bağlı fikilərini bildirib: “Portuqaliya ilə oyun bizim ilk rəsmi matçımız olacaq. Səfərdə Portuqaliya, ardından isə evdə Bolqarıstan yığması ilə qarşılaşacağıq. İlk rəqibimiz Portuqaliya çox güclü komandadır. Son Avropa çempionatında iştirak edən U-21 komandasından hazırda 9 futbolçu heyətlərindədir. Böyük klublarda çıxış edən futbolçuları var. Amma biz də matça yaxşı hazırlaşırıq. İnanıram ki, həm Portuqaliya, həm də Bolqarıstanla görüşdə yaxşı mübarizə aparacağıq”.

Qeyd edək ki, sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə