Mik Şumaxerin “Formula-1”ə qayıdış ümidləri yenə də reallaşmadı. “Cadillac F1” komandası seçimində daha təcrübəli və güclü reputasiyaya malik pilotlara – Valtteri Bottas və Serxio Peresə üstünlük verdi.
Bununla belə, yeddiqat dünya çempionunun oğluna başqa təklif irəli sürülmüşdü: o, yeni “Formula-1” komandasının ehtiyat sürücüsü ola bilərdi və bu işi “Cadillac Team Jota” ilə dözümlülük yarışı proqramında çıxış etməklə birləşdirə bilərdi. Lakin “The Race” yazır ki, tərəflər razılığa gələ bilməyib. Təklif olunan şərtlər Şumaxeri qane etməyib. SİA xəbər verir ki, Britaniya nəşrinin məlumatına görə, onun nədən narazı qaldığı dəqiq bilinmir, lakin açıq şəkildə demək olar ki, “WEC”də çıxış edən “Cadillac” komandasında Şumaxer “Alpine Endurance Team”də sahib olduğu azadlığa malik olmayacaqdı.
Hazırda o, müəyyən üstünlüklərdən faydalanır, belə ki, 36 nömrəli hiperkar heyətində təcrübə yürüşlərində daha çox yeni təkərlərlə işləyir və kvalifikasiya yarışlarında sükan arxasına başqalarına nisbətən daha çox oturur. “Cadillac” isə fərqli siyasət yürüdür, orada bütün pilotlar bərabər şərtlərdədir və bu, müqavilələrdə ayrıca qeyd olunur. Hətta tanınmış dünya çempionu Censon Batton üçün belə heç bir istisna edilməmişdi.
Mik üçün karyerasını davam etdirməkdə hansı variantlar qalır?
Nəzəri baxımdan “Formula-1”ə qayıtmaq üçün yeganə, amma az ehtimal olunan şans “Alpine” ilə bağlıdır. Çünki Pyer Qaslinin komanda yoldaşının yeri gələn mövsüm üçün formal olaraq boşdur. Lakin “Renault” konserninin yarış proqramları rəhbərliyi Şumaxerlə yalnız “WEC”də əməkdaşlığı davam etdirmək istəyir, digər ssenarilər isə gündəmdə deyil.
“The Race” öz mənbələrinə istinadla maraqlı versiya irəli sürür, belə ki, Mik artıq McLaren ilə danışıqlar aparır və söhbət onun komandanın dözümlülük yarışlarında yeni layihəsinə qoşulmasından gedir.
Xatırladaq ki, “McLaren Racing” öz hiperkarını hazırlamağa başlayıb və maşının 2027-ci ildə starta çıxması gözlənilir. Mik Şumaxerin artıq “WEC”in yüksək kateqoriyasında iki mövsümlük təcrübəsi var və üç dəfə podiuma yüksəlib. Belə bir pilotun xidmətləri “McLaren” üçün çox faydalı ola bilər. Şumaxeri isə bu il “Formula-1”də inamla dominantlıq edən bu komanda ilə əməkdaşlıq perspektivləri cəlb etməlidir.
Hazırda o, mövsümün qalan üç mərhələsinə hazırlaşır. Növbəti yarış ABŞ-ın Texas ştatındakı “Circuit of the Americas” avtodromunda bu həftəsonu keçiriləcək və Şumaxer orada “Alpine A424” sportprotitipinin sükanı arxasına keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə